D vitamininin daha bir faydası AŞKARLANDI
Sümükləri və əzələləri qoruyan D vitamininin daha bir faydası aşkarlanıb.
Sfera.az xəbər verir ki, Avstraliyada aparılan araşdırmanın nəticələrinə əsasən yaşı 60-ı keçən insanların D vitaminindən müntəzəm istifadəsi onlarda ürək və qan dövranı xəstəliklərinə tutulma riskini azaldır.
Avstraliyada 5 il ərzində yaşı 60-84 arasında olan 21 315 nəfərə hər ay D vitamini həbləri verilərək bunun ürək sağlamlığına necə təsir etdiyi müşahidə olunub.
Tədqiqatçılar həmin şəxslərin infarkt, insult və koronar revaskulyarizasiya da daxil olmaqla əsas ürək-damar xəstəlikləri ilə bağlı xəstəxana məlumatlarını təhlil ediblər.
Müəyyən olunub ki, D vitamini qəbul edən yaşlı insanlarda infarkt 19 faiz, koronar revaskulyarizasiya 11 faiz azalıb.
Qeyd edək ki, insanlar D vitaminini həm qidalanma yolu ilə qəbul edir, həm də Günəş işığına məruz qaldıqda orqanizm həmin vitamini istehsal edir. D vitamini sümükləri, dişləri və əzələləri sağlam saxlamaq üçün bədəndəki kalsium və fosfat miqdarını tənzimləməyə kömək edir. İnsanların əksəriyyəti ehtiyac duyduğu D vitaminini yaz və yay aylarında alır. Payız və qışda isə 10 mikroqram D vitamini olan əlavələrin qəbulu tövsiyə edilir.
Bundan əlavə, bu yeni araşdırma göstərir ki, D vitamini əlavəsi ürək-damar riskini azaldır.
Vasif