“Gənclər üçün Rəqəmsal Bacarıqlar Düşərgəsi” başa çatdı - FOTO

“Gənclər üçün Rəqəmsal Bacarıqlar Düşərgəsi” başa çatdı - FOTO

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə Mingəçevir şəhərində yerləşən “Kür Hotel”də “Gənclər üçün Rəqəmsal Bacarıqlar Düşərgəsi” başa çatıb.
 

Proqrama əsasən təlimçilər Orxan Şahbazın təqdimatında "Rəqəmsal beynin yaradıcı inkişafı", Fərid Məhərrəmlinin təqdimatında "Rəqəmsal marketinq və markaların rəqəmsallaşması", Vüqar Cəfərovun təqdimatında "Rəqəmsal maliyyə texnologiyaları" mövzusunda təlimlər, AEİNF-nin nümayəndələri tərəfindən "Virtual reallıq" ilə bağlı təlim və emalatxana çalışması baş tutub.


Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdilinin moderatorluğu və “Qərbi Azərbaycan İcması”nın mətbuat katibi Ülviyyə Zülfiqar, “Oxu.az” xəbər saytının köşə yazarı Kubra Məhərrəmmovanın iştirakı ilə "İnformasiya mühitində Azərbaycan maraqlarının qorunması" və Azərbaycan Elektron İdman növləri Federasiyasının baş katibi Gülməmməd Həsənov, “GMT” komandasının elektron idman direktoru Maksim Vikulov, elektron idman növləri üzrə peşəkar idmançı Tural Həsənov və elektron idman növləri üzrə peşəkar idmançı Orxan Tağıyevin iştirakı ilə "Elektron sport" mövzusunda panel müzakirələri keçirilib.
 

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının katibi Müşərrəf Məmmədovanın iştirakı ilə "Kibergigiyena və dezinformasiya", İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin baş layihə rəhbəri Camal Ağayevin iştirakı ilə "İnnovativ sahibkarlıq üçün başlanğıc terminologiyası", biznes influnseri Fəridə Əsgərzadənin iştirakı ilə "Biznesdə rəqəmsal  transformasiya" mövzusunda görüşlər təşkil olunub.
 

Layihə çərçivəsində gənclərin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə "Social night", şəhər gəzintisi, film saatı, "Playstation 5" çempionatı və "Nə? Harada? Nə zaman?" intellektual yarışı təşkil olunub. Gəzinti zamanı Mingəçevir şəhər Heydər Əliyev Mərkəzi, Mingəçevir şəhər Tarix Muzeyi və Dövlət Rəmzləri Muzeyinə ekskursiya baş tutub. Film saatı zamanı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı ərsəyə gələn “Generalın planı” adlı sənədli film nümayiş olunub.
 

Layihə çərçivəsində hər günün sonu "Enerjini Paylaş" devizli mədəni-kütləvi tədbirlə başa çatıb. DJ-in müşayiəti ilə gənclərin zövqünü oxşayan mahnıların sədası altında əyləncəli və maraqlı anlar yaşanıb.
 

Ümumilikdə, layihə çərçivəsində müxtəlif mövzularda qeyri-formal təhsil metodikası ilə 4 görüş, 5 təlim, 3 panel müzakirəsi, 1 emalatxana çalışması, 5 mədəni-kütləvi tədbir, 3 gəzinti, 1 film saatı, 2 virtual və 1 intellektual yarış baş tutub.


OXŞAR XƏBƏRLƏR