Olimpiada 2024-də korrupsiya qalmaqalı - Təşkilatçıların qərargahında axtarışlar aparılıb

Fransanın Milli Baş Prokurorluğu (PNF) korrupsiya iddiaları ilə bağlı araşdırma çərçivəsində iyunun 20-də Parisdə 2024-cü il Olimpiya Oyunlarının təşkilatçılarının qərargahında reyd keçirib.
Sfera.az “Sky News”a istinadən xəbər verir ki, 2024-cü il Olimpiya Oyunlarının təşkilatçılarının qərargahında axtarışlar aparılıb.
Axtarışlar Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin verdiyi məlumatlar əsasında əvvəllər dərc olunmamış iki araşdırma ilə bağlıdır.
Maliyyə prokurorluğunun rəsmisi bildirib ki, axtarışlar antikorrupsiya agentliyinin verdiyi məlumatlara əsaslanır.
Prokurorlar bildiriblər ki, təhqiqatlardan biri 2017-ci ildə dövlət vəsaitlərinin mənimsənilməsi və göz yumma şübhələri, habelə Paris təşkilatçıları tərəfindən imzalanmış naməlum müqavilə ilə bağlı başlanıb.
Daha bir cinayət işi Fransanın Korrupsiyaya Qarşı Mübarizə Agentliyi tərəfindən yoxlanıldıqdan sonra 2022-ci ildə açılıb.
Prokurorlar, işin təşkilat komitəsi ilə Olimpiya məkanlarına cavabdeh olan “Solideo” şirkəti arasında bir neçə müqavilə üzərində iddia edilən maraqlar toqquşması ilə bağlı olduğunu bildiriblər.
Olimpiya Oyunlarının təşkilat komitəsi istintaqla fəal əməkdaşlıq etdiklərini bildirib və bağlanmış bir neçə yüz müqavilənin şəffaflığını və qanuniliyini təmin etmək üçün ciddi prosedurlar tətbiq etdiklərini bildirib.
Qeyd edək ki, Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək, Paralimpiya Oyunları isə 2024-cü il avqustun 28-dən sentyabrın 6-dək keçiriləcək. Onların ümumi büdcəsi 2017-ci ildə ilkin təxmin edilən 6,6 milyard avrodan 8,8 milyard avroya yüksəlib.
Xatırladaq ki, bu il yanvarın 31-də bildirilib ki, Avropada ilk ölkə 2024-cü il Olimpiya Oyunlarında ruslar və belaruslarla yarışmaqdan imtina edib. Latviya Rusiya və Belarus idmançılarının Olimpiya Oyunlarında iştirakına qadağa qoyulması üçün beynəlxalq idman federasiyalarına müraciət etməyə hazırlaşır.
Aysel
Sfera.az