Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxladı

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxladı

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9 faiz səviyyəsində sabit saxlanılıb. Faiz dəhlizinin aşağı həddi 7,5 faiz, faiz dəhlizinin yuxarı həddi isə 10 faiz səviyyəsində dəyişməz qalıb.


Sfera.az xəbər verir ki, Mərkəzi Bank bu qərarını makroiqtisadi proqnozlar, inflyasiyaya təsir göstərən amillər və risklər balansının dəyişimi nəzərə alınmaqla verib.
Mərkəzi Bank bununla bağlı açıqlanmasında qeyd edib ki, pul siyasətinə həsr olunan ötən iclasdan bəri illik inflyasiya tempinin azalması davam edib:

 

“Mayda əvvəlki aya nəzərən 0,4%-lik deflyasiya qeydə alınıb, illik inflyasiya 11,5% təşkil edib ki, bu da ötən ilin sentyabr ayında qeydə alınmış pik səviyyə ilə müqayisədə 4,1 faiz bəndi aşağıdır. İllik ərzaq inflyasiyası 12,7%-ə enib.


Tərəfdaş ölkələr üzrə orta çəkili inflyasiyanın nisbətən azalması, dünya əmtəə bazarlarında qiymətlərin enməsi, beynəlxalq yükdaşıma xərclərinin pandemiyadan əvvəlki səviyyələrə qayıtması, profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması və manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, eləcə də qəbul edilmiş pul siyasəti qərarları illik inflyasiya tempini azaltmaqdadır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, ərzaq qiymətləri ötən ilin aprelindən başlayan azalma meylini davam etdirərək mayda aylıq 2,6% azalıb. Dünya Bankının əmtəə bazarları haqqında son hesabatına əsasən, mayda aylıq əsasda əmtəə qiymətləri 8,6%, o cümlədən enerji qiymətləri 11,3%, qeyri-enerji qiymətləri 3,6% azalıb. Tədiyə balansının profisitli olması valyuta bazarında da özünü göstərir”. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR