“Cahangir Əsgərov hegemonluq edir...” - Sərt ittihamlar

“Cahangir Əsgərov hegemonluq edir...” -  Sərt ittihamlar

Xəbər verdiyimiz kimi, Azərbaycan Ağır Atletika millisinin 6 idmançısı ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatından sonra dopinq yoxlamasından keçə bilməyib. “Qafqazinfo” xəbər verir ki, Rioya 4 lisenziyanı qazanan yığmamızın üzvlərinin bir-bir dopinqdə “ilişməsi” isə vəsiqələrimizi də sual altına alıb.

Bu məsələ ilə bağlı hazırda ağırlıqqaldırmada əməkdar hakim olan və millimizin sabiq baş məşqçisi Vahid Nəzərovun fikirlərini öyrəndik. O, “Qafqazinfo”ya açıqlamasında dopinqə “ilişməyimizin” səbəblərini açıqlayıb:

“6 idmançımız dopinqə düşüb. Silviya Angelova, Valentin Xristov, Quliyev Firudun, Zairov İntiqam, Dadaşbəyli Dadaş və Əliquluzadə Elxan. Uzun müddət ölkənin milli komandasının baş məşqçisi olmuşam və vitse-prezident işləmişəm. Amma indi bu məsələlərə görə kənarda dayanmışam. Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərov orda düzgün işlər aparmır, federasiyada hegemonluq edir. 2005-ci ildə Nizami Paşayev və Natiq Həsənovu dopinqə salmışdılar. Amma heç kim cəzalanmadı. Mən 5 dəfə Olimpiya oyunlarında iştirak eləmişəm. 3 dəfə baş məşqçi, 2 dəfə isə hakim kimi. Mən Nizami Paşayevi 4 dəfə dünya çempionu etmişəm.

2009-cu ildə biz 48 ölkə arasında Avropa çempionatında 3-cü yeri tutduq. Orda milli komandanın üzvlərinin hamısı azərbaycanlılar idi. Amma indi legionerlərdir. Legionerlər bura pula görə gəlirlər. Çoxu da dopinqə düşür. Yığmaya təcrübəsiz məşqçiləri gətirirlər, sonra da legionerləri. Həmin o əcnəbi idmançını gənc məşqçinin adına yazırlar ki, guya, onun məşqçisidir. Sonra gedir hansısa yarışda yer tutur, pul mükafatı qazanır. Həmin pulu aralarında bölürlər. Məhz elə bunun nəticəsidir ki, təcrübəsiz məşqçilər idmançılara nə dərman gəldi verirlər və onlar dopinqə düşür. Nəticə də göz abağındadır.

2010-cu ildə bolqarıstanlı Olimpiya çempionu Yanke Rusevi baş məşqçi gətirdilər. Mən etirazımı bildirdim ki, hər Olimpiya, dünya çempionu baş məşqçi ola bilməz. O da gəldi iki idmançımızı saldı dopinqə. Süleymanov Zülfüqar və Fətullayev Rüfət dopinqə ilişdilər. Sonra da qaçdı getdi. Onun yerinə 3 qat dünya çempionu Zolatan Vayneri gətirdilər. O, isə 19 idmançını dopinqə saldı. Onlardan biri – Süleymanov Zülfüqar ömürlük idmandan məhrum oldu. Çünki ikinci dəfə idi bu vəziyyətə düşürdü. 18 nəfər də 2 il və 4 il olmaqla cəzaların çəkdilər. Millimiz cəzalandı və dövlət 500 min dollar cərimə ödədi.

Kristina Yova var idi. Ona 110 min pul verdilər ki, gəlsin milliyə. Gəldi və 1 dəfə dünya çempionu oldu. Amma sonra dopinqə düşdü və qaçdı, 110 min də batdı.

Hazırda baş məşqçi polşalıdır. O, ölkəsində masajist idi. Çox yaxşı tanıyıram onu. Həmçinin Azərbaycanı dünya səviyyəli yarışlardan 2 il müddətinə məhrum etdilər. Cəriməni ödədik sonra icazə verdilər. Beynəlxalq Ağır Atletika Federasiyasının əsasnaməsində yazılıb ki, bir ölkədən 4 idmançı dopinqə düşərsə, həmin ölkənin federasiyası istefaya getməlidir. Buna misal, Türkiyə, Qazaxıstan, Ukrayna və s. var. Amma bizdə bunu heç kim etmir. Yenə də həmin mütəxəssilər ordadılar. 2 illik cəzadan sonra ilk dünya çempionatımız idi. Yarışda iştirak edən 6 idmançımız hamısı cəzalanıb. Artıq Olimpiya oyunlarına gedə bilməyəcəyik”.

Nəzərov B yoxlanışının vaxtının artıq bitdiyini də deyib: “B yoxlanışının da vaxtı bitib. Nəticələr yəqin ki, yanvarın 5-dən sonra açıqlanacaq. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz İsmayılov deyir ki, guya bu, bizə qarşı təxribatdır. İdmançılar Azərbaycanda yoxlanıb yarışa gediblər. Necə olur ki, bütün ölkələrdən düşənlər var, bircə Azərbaycana qarşı təxribatdır. Amma yanvarın 5-də Azərbaycana qarşı sanskiyalar tətbiq olunacaq”.

Əməkdar hakimin sözlərinə görə Gənclər və İdman Nazirliyinin tərkibində antidopinq bölməsi olsa da, onlar bu məsələlərlə maraqlanmırlar: “Ölkə prezidentinin sərəncamı var və Milli Məclis təsdiqləyib ki, dopinqə düşən idmançı ya 2000 manat cərimə olunur, ya da 2 il azadlıqdan məhrum edilir. Nazirlikdə bu bölmənin rəhbəri İradə Rüstəmzadədir. Amma heç birinə onlar əməl etmir. İndiyə qədər heç kim cəzalanmayıb. Sonda da nəticəsi belə olur. Bilirsiz ki, dopinq narkomaniya kimi bir şeydir. İdmançılara zərbə vurur”.

Sfera.az


OXŞAR XƏBƏRLƏR