Manatın bahalaşmaması üçün Mərkəzi Bank bu tədbiri GÖRƏCƏK

Manatın bahalaşmaması üçün Mərkəzi Bank bu tədbiri GÖRƏCƏK

2023-cü ilin birinci rübü üzrə tədiyə balansına dair açıqlanan məlumatlar göstərir ki, cari ildə manatın bahalaşmaması üçün ya Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği mümkün qədər azaldılacaq, yaxud da Mərkəzi Bank daxili bazardan böyük məbləğdə dollar almalı olacaq.  


Sfera.az xəbər verir ki tədiyə balansının məzənnəyə təsir edən əsas hissəsində, yəni cari əməliyyatlar balansında birinci rübdə böyük profisit qeydə alınıb. Profisitin məbləği 3,376 milyard dollar olmaqla 2022-ci ili birinci rübündəki göstəricidən 14,6 faiz az olub. Ötən ilin birinci rübündə cari əməliyyatlar balansında 3,953 milyard dollar profisit qeydə alınmışdı. 


2023-cü ildə cari əməliyyatlarda olan profisitin məbləği 2022-ci ilə nisbətən azalsa da son 9 ilin ən yüksək profisit məbləği olub. 


Bu il cari əməliyyatlarla yanaşı ümumən tədiyə balansında da böyük müsbət fərq yaranıb. Tədiyə balansındakı müsbət fərq 3,454 milyard dollara çatmaqla Azərbaycanın müstəqillik tarixinin rekord həddinə yüksəlib. İndiyə kimi heç bir ilin birinci rübündə belə böyük profisit qeydə alınmamışdı. 


Müqayisə üçün bildirək ki, tədiyə balansında profisit 2022-ci ilin birinci rübündə 1,572 milyard dollar, 2021-ci ildə 326 milyon dollar, 2019-cu ildə 2,02 milyard dollar, 2014-cü ildə 2,78 milyard dollar, 2013-cü ildə 2,782 milyard dollar, 2011-ci idlə 3,094 milyard dollar, 2009-cu ildə 2,043 milyard dollar olmuşdu.


Tədiyə balansında profisitin kəskin şəkildə böyüməsi maliyə hesabı balansında 1,3 milyard dollar dəyərində müsbət fərqin yaranması ilə bağlıdır. Həm cari əməliyyatlar balansında, həm də ümumilikdə tədiyə balansında böyük müsbət fərqin olması manatın möhkəməlnməsi üçün əsas yaradır. 


Cari əməliyyatlarda böyük müsbət fərqin olması manatın möhkəmlənməsinə əsas yaratsa da həm Mərkəzi Bankın, həm də hökumətin addımları məzənnəni sabit saxlayacaq. Amma mövcud şərtlərlə məzənnənin sabit qalması üçün ya Mərkəzi Bank bazardan xarici valyuta almalıdır, ya da Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği nəzərdə tutulandan xeyli az olmalıdır. 


2022-ci ilin təcrübəsi göstərir ki, Neft Fondundan transfert edilən məbləğin azaldılmasına baxmayaraq, məzənnənin sabit saxlanması üçün Mərkəzi Bank 2 milyard dollardan çox xarici valyuta almağa məcbur qaldı. Bu alışlar Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasında mühüm rol oynadı. 


2023-cü ildə də oxşar halın yaşanması realdır. Keçirilən valyuta hərraclarının nəticəsi göstərir ki, dollara tələb aşağı səviyyədədir və böyük məbləğdə olan xarici valyutaların manata dəyişdirilməsi üçün Mərkəzi Bank bazardan dollar almağa məcbur qalacaq. Mərkəzi Bankın bazardan dollar alışının ilin ikinci yarısında müşahidə ediləcəyini proqnozlaşdırmaq olar. Çünki ilin birinci yarısında Neft Fondundan transfertlərin məbləği az olub, ikinci yarımildə isə transfert məbləğləri xeyli artırılacaq. Bu halda bankların tələbi aşağı olarsa, əlavə vəsaiti Mərkəzi Bank alacaq. 


Buna görə də cari ildə də alış yönlü müdaxilə həm manatın bahalaşmasının qarşısını alacaq, həm də Mərkəzi Bankın valyuta ehtiyatlarındakı artımı bir qədər də sürətləndirəcək.


Vasif

 


OXŞAR XƏBƏRLƏR