Məhkəmə-hüquq sistemində başqa hansı dəyişikliklər edilməlidir? - Hüquqşünaslardan AÇIQLAMA

Məhkəmə-hüquq sistemində başqa hansı dəyişikliklər edilməlidir? - Hüquqşünaslardan AÇIQLAMA

Azərbaycanda yaxın vaxtlarda məhkəmə-hüquq sistemində köklü islahatlar baş verəcək. 


Sfera.az xəbər verir ki, "Məhkəmə-Hüquq Şurası haqqında” Qanuna edilən dəyişiklik də bu çərçivədə atılan addımlardan biridir. 


Bəs başqa hansı dəyişikliklərin edilməsi məhkəmə-hüquq sistemi üçün əhəmiyyətli olardı? 


Vəkil Turan Abdullazadə saytımıza açıqlamasında bildirdi ki, Prezident İlham Əliyevin "Məhkəmə-Hüquq Şurası haqqında” Qanuna dəyişikliklər edilməsi barədə qanunu təsdiqləməsi məhkəmə-hüquq sisteminə yeni nəfəs və fərqli baxış bucağı gətirəcək. “Məhkəmə-Hüquq Şurasının tərkibinin yeni qaydada təşkil olunması olduqca mütərəqqi addımdır”, - deyən T.Abdullazadə qeyd etdi ki, yeni qaydalarla yeni təşkil olunacaq tərkibdə aşağı instansiya məhkəmələrinin hakimlərinə daha çox yer veriləcək. Onun fikrincə, bu, aşağı instansiya məhkəmələrindəki mövcud vəziyyətin daha operativ qavranılması və bu istiqamətdə problemlərin daha çevik həll olunmasına öz töhfəsini verəcək. 


Vəkil digər dəyişikliklərin də önəmli olduğu qənaətindədir: “Önəmli olan digər dəyişiklik müvafiq icra hakimiyyəti orqanı (Ədliyyə Nazirliyi) rəhbərinin yeni tərkibdə yer almamasıdır. Bu yenilik müvafiq icra hakimiyyəti orqanı ilə məhkəmə hakimiyyəti arasında balanslaşdırılmış hüquq siyasətinin bərqərar olmasına, birinin digərindən hər hansı səbəbdən dolayı asılı vəziyyətə düşməməsinə real imkanlar yaradacaq. Daha bir perspektiv dəyişiklik hakimlər konfransına daha çox səlahiyyət imkanlarının tanınmasıdır. Bu da məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatına şübhə yeri qoymadan öz dəstəyini verəcək. Konstitusiyamıza əsasən, Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır. Yeni dəyişikliklər özündə çoxsaylı müsbət tendensiyaları əks etdirməklə ən əsası məhkəmə hakimiyyətinin müstəqilliyinə, məhkəmə-hüquq islahatlarının daha da dərinləşdirilməsinə, demokratik cəmiyyətdə insan hüquq və azadlıqlarının daha çox qorunmasına xidmət edir.

 
Eyni zamanda bu dəyişikliklər vəkillərə və vəkillik fəaliyyəti sahəsinə öz pozitiv təsirini göstərəcəkdir. Vəkillik təsisatının tam normal fəaliyyəti birbaşa məhkəmələrin müstəqilliyindən, qərəzsiz və obyektiv fəaliyyətindən asılıdır. Məhkəmə hüquq sistemində islahatların tərkib hissəsi kimi vəkillik fəaliyyətində daimi islahatlar aparılır. Təbii ki, bütün sahələrdə olduğu kimi bu sahədə də müəyyən problemlər qalmaqdadır. Lakin aydın məsələdir ki, bütün problemlərin həlli bir günün, bir ilin işi deyil. Bunun üçün zaman lazımdır. Cinayət mühakimə icraatı və cinayət prosessual fəaliyyət sahəsində vəkillərin prosessual çatımlılıq imkanlarının daha da təkmilləşdirilməsinə hələ də ehtiyac var. Amma ildən ilə bu sahədə də müsbət işartıların şahidi oluruq”.


Hüquqşünas Əkrəm Həsənov isə saytımıza açıqlamasında dedi ki, dəyişiklikdən sonra Məhkəmə-Hüquq Şurasına rəhbərliyi Ədliyyə Nazirliyi yox, Ali Məhkəmənin sədri edəcək.


“Bu dəyişiklik bütövlükdə yaxşı haldır. Çünki Ədliyyə Nazirliyi icra hakimiyyəti orqanıdır. Məhkəmə hakimiyyəti icra hakimiyyətindən müstəqil olmalıdır”, - söyləyən Ə.Həsənov hesab edir ki, məhkəmə-hüquq sistemində islahatlar həyata keçirilməmişdən öncə dövlət başçısının 2019-cu ilin aprelində imzaladığı fərman tam icra edilməlidir.

 

Hüquqşünas bildirdi ki, dörd il əvvəl imzalanan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın bəzi tələbləri hələ də həyata keçirilməyib:

 

“Fərmanda prezident tapşırmışdı ki, məhkəmə aktları, yəni qərarları, hökmləri üzrə çoxfunksiyalı axtarış sistemi yaradılsın. Həmin sistemə daxil olan istənilən şəxs məhkəmə qərarlarını axtarıp tapa bilməli idi. Eyni zamanda fərmanda məhkəmə qərarlarının ardıcıl dərc edilməsinin təmin olunması tələb edilirdi. Düzdür, məhkəmə qərarları dərc edilir, amma bu, ardıcıl şəkildə olmur. Fərmanda qeyd etdiyim tələblərin həyata keçirilməsi çox əhəmiyyətlidir. Niyə? Çünki məhkəmə sistemindəki problemlərin həllinin çox hissəsi qeyd etdiyim məsələlərdən asılıdır. İstənilən qanunu tətbiq edən məhkəmədir. Məhkəmə təcrübəsinin vahidliyi təmin edilməlidir. Məhkəmə təcrübəsinin vahidliyi o deməkdir ki, məhkəmələr eyni işlərə eyni cür baxmalıdırlar. Sadə el dili ilə desək, hamıya eyni gözlə baxmalıdırlar. 
Eyni halla bağlı, eyni qanundan istifadə edərək məhkəmələrin müxtəlif cür qərarlar çıxartdığını görürük. Bəzən də bunu eyni hakimlər edir. 
Əksər hallarda eyni tipli işlər üzrə fərqli qərarların olmasını biz görə bilmirik. Axtarış sisteminin olması məhz bu baxımdan vacibdir. Axtarış sistemi olarsa, istənilən şəxs üzləşdiyi halla bağlı məhkəmələrin hansı qərarlar çıxartdığını tapa bilər. Bütün qərarların ardıcıl dərc edilməsi də vacibdir. Qərarların əksəriyyəti dərc edilir, amma bəziləri dərc olunmur. Məhkəmə qərarları nömrə ardıcıllığı ilə dərc edilərsə, sistemə daxil edilməyənləri görə biləcəyik. Təcrübə göstərir ki, bəzi qərarlar dərc edilmir və qərarın məzmunundan digər şəxslərin xəbəri olmur.


Beləliklə, məhkəmə qərarları ardıcıl dərc edilərsə və məhkəmə qərarları üzrə axtarış sistemi yaradılarsa, məhkəmələrin fəaliyyəti daha dəqiq çərçivəyə salınacaq. Axtarış sistemi olanda məhkəməyə işi düşən şəxs eyni məzmunlu işlərlə tanış olub prosesə hazırlıqlı gedəcək və orada hakimə fərqli qərarların çıxarılmasına etiraz üçün əsas olacaq. Konstitusiyamızda da qeyd edilib ki, insanlar bərabər hüquqa sahibdir və onlara müxtəlif münasibətin göstərilməsi yol verilməzdir. 2019-cu ildə imzalanan fərmanın bu vacib tələbləri Ədliyyə Nazirliyi tərəfindən təmin edilməlidir”. 


Ə.Həsənov qeyd etdi ki, məhkəmə-hüquq sistemində islahatlar aparılan zaman vəkillərin prokurorlarla, xüsusən də cinayət işlərində hüquqi vəziyyəti bərabərləşdirilməlidir:

 

“Cinayət işində 2 tərəf olur: dövlət ittihamçısı olan prokuror və müdafiəçi tərəf olan vəkil. İki tərəfin hüquqları, imkanları bərabər deyil. Prokuror hamını çağırıb dindirə bilir, amma vəkilə belə imkan yaradılmır. Vəkillərin də bu sahədə hüquqları bərabərləşdirilməlidir”.


Hüquqşünasın fikrincə, digər mühüm məsələ hakimlərin maaşıdır. O hesab edir ki,  maaşlar yenidən artırılmalı və hakimlərin qeyri-qanuni fəaliyyəti ilə bağlı cəzalar sərtləşdirilməlidir:

 

“Maaşlar yenidən artırılmalıdır və eyni zamanda qanunda nəzərdə tutmaq lazımdır ki, hakim korrupsiya əməlinə yol verdikdə, o, ömürlük azadlıqdan məhrum ediləcək. Bu əmələ görə tutulan hakimin adı əfv və amnistiyaya da salınmayacaq. Belə qayda olsa, məhkəmə hakimlərinin ən azı 80 faizi qanunla işləyəcək”.


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən zəngin qadını: Elon Maskın sərvətindən iki dəfə çoxuna sahibdir

Qətərin keçmiş əmirinin ikinci həyat yoldaşı Şeyxa Moza dünyanın ən zəngin qadınıdır.   Sfera.az bildirir ki, bir ölkənin iqtisadiyyatından daha ç...

Paşinyan: "Ermənistan sülhə sadiqdir..."

Ermənistan-Amerika münasibətləri dinamik inkişaf edir.   Sfera.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda ABŞ dövlət katib...

Yüksək vəzifəli məmur 58 sevgilisi olduğu üçün həbs edildi

Çinli yüksək vəzifəli Zhong Yang korrupsiyaya görə həbs edilib. Amma qubernator postunu tutan məmurun 58 sevgilisinin olduğu üzə çıxmasaydı, bu xəbər o qədər də...

İsrail Hizbullah xüsusi təyinatlılarının yüksək rəhbərliyini məhv etdi

İsrailin Livana endirdiyi zərbə nəticəsində Hizbullah hərəkatının Radvan xüsusi təyinatlılarının ali rəhbərliyindən 20-yə yaxın komandir məhv edilib.   ...

Lavrov: "Qərb artıq qırmızı xətti keçir"

Rusiya Qərb ölkələri ilə münaqişəni genişləndirmək istəmir, lakin onlar “qırmızı xətləri” keçirlər.   Sfera.az xəbər verir ki, bu sözləri R...

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölk...