“Keçmişi silmək” üsulu – Ekspert travmalardan qurtulmaq metodlarından DANIŞDI

“Keçmişi silmək” üsulu – Ekspert travmalardan qurtulmaq metodlarından DANIŞDI

İnsanların erkən yaşlarda yaşadıqları hadisələrin onların sonrakı həyatına təsir etdiyi bildirilir. Xüsusilə uşaq yaşlarında alınan travmalar insanları ən xoşbəxt günlərində belə tərk etmir.

 

Maraqlıdır, travmalar əbədidir, yoxsa zamanla keçə bilir?

 

Sfera.az-ın mövzu ilə bağlı suallarını şüuraltı mütəxəssisi və terapevti Fərdi Bayramov cavablayıb.

 

 

Həmin müsahibəni təqdim edirik:

 

- İnsanların yeniyetməlik, yaxud yetkinlik yaşında nümayiş etdirdikləri davranışların, insan və hadisələrə münasibətlərinin uşaqlıq dövründə aldıqları travmalarla bağlı olduğu bildirilir. Sizcə, travmaların insan həyatında həlledici rolu varmı?

 

- Travmaların insan həyatına təsirləri danılmazdır. Məsələn, vacib bir qərar verərkən travmaların yaratdığı duyğular ona təsir edə bilir. Bu duyğular qorxu, əsəb, peşmanlıq, təəssüf, dəyərsizlik və s. ola bilər. Məsələn, xəyalındakı işi tapan biri bundan əvvəlki iş həyatında rəhbərlik və ya kollektiv tərəfindən dərin bir travma alıbsa, bu zaman həmin travma onda indiki ideal iş barəsində uğursuzluq düşüncələri yaradaraq, əvvəlki narahatlığın yenidən baş verə bilməsi ehtimalını oyandıra bilər. Bu zaman həmin şəxs zehnində yaranan bu düşüncələrin səbəbinin əslində keçmişdə yaşadığı travmalardan qaynaqlandığını bilmədiyi üçün sadəcə, uğursuz olacağının inancı ilə o işdən imtina edə bilir.

 

Xəyalındakı ruh əkizini tapan biri öncəki münasibətində travma alıbsa, bu zaman partnyoruna qarşı şübhə ilə yanaşıb münasibəti başlamadan sonlandıra bilər. Bu, hətta ailə qurarkən öncəki münasibətindən aldığı travmalarla yaşayaraq həyatdan, partnyorundan zövq almaq yerinə, daha keyfiyyətsiz bir ömür sürməyə gətirib çıxara bilər. Yaxud, valideynlər öz valideyn və çevrələrindən aldığı travmaları öz övladlarına da yaşada bilər ki, bu da travmaların içərisində ən pis olanıdır. Çünki uşaqların zehni və bioloji immun sistemi zəif olduğundan bir ömür bunun yükünü ata bilmirlər.

 

-  Alınmış travmalardan qurtulmaq mümkündür?

 

- Travmalardan qurtulmağın bir çox yolları var. Bu, insana, onun yaş və zəka səviyyəsinə görə dəyişir. Məsələn, bizim pasientlərə tətbiq etdiyimiz "Cerebellum Activation Program" (CAP) xüsusi şüuraltı proqramlama metodikası pasientin analitik düşünmə bacarığını dəyişir. Zehni rahatladaraq, onu travmanın baş verdiyi zamana apararaq həmin tarixdə yaşamış travmatik olayı fərqli bir hadisə ilə əvəz edirik. Belə ki, əgər şəxs 5 il öncə dağdan yıxılıbsa, bənzər hündürlüklə qarşılaşanda bədənində və zehnində bir narahatlıq yaşayırsa, biz düşüncələrlə hadisənin yaşandığı zamana qayıdıb, həmin zaman dağa heç çıxmadığını, dostu ilə balıq tutmağa getdiyini şəxsin şüuraltına yeridirik. Şüuraltına yeridilən bu “yeni keçmiş” travmanın da avtomatik ləğvinə gətirib çıxarır. Biz buna “keçmişi dəyişdirmə” deyirik. Çünki şüuraltı “yaxşı” və “pis”, “doğru” və “yanlış” qavramını ayırd edə bilmir deyə, inandığı şeylər üzərindən bədən və zehni yönləndirir. Belə şəxs bütün travmalarını dərs alacağı bir xatirəyə çevirir. Amma əfsus ki, əksəriyyət, xüsusilə də bədbinliyə daha meyilli olan insanlar xatirələrini travmaya çevirməkdə peşəkarlaşıblar. 

 

- İnsanın xoş anlardan daha çox pis hadisələri və anları xatırlaması əsasən nə ilə bağlıdır?

 

- Bu, tamamilə şüuraltının ilkin və əsas məqsədi ilə əlaqəlidir. İnsanı həyatda saxlamaq ən vacib məsələdir. Pozitiv düşünmək neqativ düşünməkdən daha çox enerji xərcləmək kimi görünə bilir. Nəticədə əksəriyyət üçün neqativ düşünmək daha asan gəlir. Çünki vəhşi təbiətdə heyvanlar yad bir varlığı nə qədər təhlükə kimi qəbul edirsə, o zaman oradan qaçaraq və ya hücum çəkərək həyatda qalma şansını artırmış olur. Bu səbəbdən insanlar da hadisələrə və digər insanlara qarşı neqativ olmağa meyillidir. Amma təhsil, elm və mədəniyyətin inkişaf etməsi ilə artıq vəhşi canlılardan fərqli olaraq, analitik qabiliyyət, təhliletmə inkişaf etdiyindən fərqindəlik də inkişaf edib. Bu da artıq qarşılaşdıqları digər varlıqları dərhal təhlükəli hesab etməməyə, qarşı tərəfə özünü ifadəetmə fürsəti verməyə səbəb olub. Bu da qorxu və nifrəti cəsarət və sevgiyə döndərməyə kömək edib. Ancaq günümüzdə yenə də şəxsi inkişafına zaman ayırmayan, mənəvi və əqli tərəfini inkişaf etdirməyən şəxslər təbiətdəki ilkin zəkada olan canlılar kimi davranışlar göstərə bilər. “Savaş və ya qaç”- bu həyatda qalma formulunun yaratdığı refleks tərzi də məhz insanların daha çox pis hadisələri xatırlamasına, vəsvəsələrə meyilli olmasına gətirib çıxarır.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən zəngin qadını: Elon Maskın sərvətindən iki dəfə çoxuna sahibdir

Qətərin keçmiş əmirinin ikinci həyat yoldaşı Şeyxa Moza dünyanın ən zəngin qadınıdır.   Sfera.az bildirir ki, bir ölkənin iqtisadiyyatından daha ç...

Paşinyan: "Ermənistan sülhə sadiqdir..."

Ermənistan-Amerika münasibətləri dinamik inkişaf edir.   Sfera.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda ABŞ dövlət katib...

Yüksək vəzifəli məmur 58 sevgilisi olduğu üçün həbs edildi

Çinli yüksək vəzifəli Zhong Yang korrupsiyaya görə həbs edilib. Amma qubernator postunu tutan məmurun 58 sevgilisinin olduğu üzə çıxmasaydı, bu xəbər o qədər də...

İsrail Hizbullah xüsusi təyinatlılarının yüksək rəhbərliyini məhv etdi

İsrailin Livana endirdiyi zərbə nəticəsində Hizbullah hərəkatının Radvan xüsusi təyinatlılarının ali rəhbərliyindən 20-yə yaxın komandir məhv edilib.   ...

Lavrov: "Qərb artıq qırmızı xətti keçir"

Rusiya Qərb ölkələri ilə münaqişəni genişləndirmək istəmir, lakin onlar “qırmızı xətləri” keçirlər.   Sfera.az xəbər verir ki, bu sözləri R...

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölk...