İran rəsmilərinin istefasının PƏRDƏARXASI - ŞƏRH

İran rəsmilərinin istefasının PƏRDƏARXASI - ŞƏRH

İranın iqtisadiyyat üzrə vitse-prezidenti Möhsün Rezai istefa verib. Bu barədə Möhsün Rezainin ofisindən bildirilib. Məlumata görə, o, istefasını İqtisadi Əlaqələndirmə Şurasının katibliyində daimi olması ilə izah edib. Bildirilib ki, İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei Prezident Rəisiyə katibliyin işini təşkil etmək üçün Möhsün Rezainin bu vəzifəyə təyin olunmasını təklif edib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, əslində bu proseslər gözlənilən idi:

 

“Ölkədə davam edən aksiyalar fonunda hökumət və dövlət rəsmilərinin istefa verməsi və ya tutduqları vəzifələrdən kənarlaşdırılması proqnozlaşdırılırdı. Birincisi, hakimiyyət bu addımla özlərinin islahata meyilli olduqlarını göstərməyə və beləliklə, etirazların səngiməsinə nail olmaq istəyə bilər. İkincisi, daxildəki gərginlik getdikcə artır. Bu isə vəzifəli şəxslərin özlərinin könüllü şəkildə istefa verməsinə səbəb ola bilər. Üçüncüsü, M.Rezainin iqtisadi sahə ilə bağlı olması diqqət çəkir. Çünki etirazçıların əsas narazılıqlarından biri də məhz iqtisadi vəziyyətlə bağlıdır”.

 

Müsahibimiz bildirib ki, İranda istefaların bundan sonra da davam edəcəyi istisna deyil:

 

“Görünür, aksiyalar tədricən məqsədinə çatır: hakimiyyətdə çatlar yaranır. Hərçənd İran kimi imperialist ənənələrinə malik dövlətlər üçün bir şəxsin istefaya göndərilməsi hələ iqtidarın dəyişiləcəyi kimi başa düşülməməlidir.  Düşünürəm ki, aksiyaların nəticələri davam edəcək”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR