Rusiya MN Ukraynanın Donetskə hücumu ilə bağlı məlumat yaydı – Kiyev susur

Ukraynanın Donetskə böyük hücumunun qarşısı alınıb.
Sfera.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Sözügedən hücumun Ukraynanın çoxdan gözlənilən əks-hücum əməliyyatı olduğu iddia edilib. Lakin Moskvanın bu açıqlamasına Kiyevdən heç bir şərh gəlməyib.
Belə ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın ötən gün altı mexanikləşdirilmiş və iki tank batalyonundan istifadə edərək Donetsk vilayətinə “genişmiqyaslı hücuma” başladığını bildirib.
Qurum ukraynalıların Kiyevin cəbhə xəttinin ən həssas bölgəsi kimi gördüyü yerdə Rusiya müdafiəsini yarmağa çalışdığını, lakin heç bir uğur əldə etmədiyini iddia edib. Moskva Ukraynanın 250 əsgər və 16 tank itirdiyini vurğulayıb. Ukrayna quru qoşunlarının komandanı Oleksandr Syrskyi isə bu gün bildirib ki, qoşunlar Baxmuta doğru irəliləyir və şəhər yaxınlığındakı rus mövqelərini məhv ediblər.
Qeyd edək ki, ötən gün rəsmi Kiyev əks-hücumla bağlı ictimai fərziyyələrə qarşı xəbərdarlıq edib, bunun düşmənə kömək edə biləcəyini bildirib. "Planlar sükutu sevir. Başlanğıc barədə heç bir açıqlama olmayacaq", - müdafiə nazirliyi bazar günü “Telegram”da yayımlanan videoda qeyd edib.
Günay Rəsulqızı