"Bu, Qərbin Ukrayna ordusunun yenilməzliyinə dair açıqlamalarını şübhə altına salır" - ŞƏRH

“Qərb Kiyevə hərbi dəstəyi dayandırsa, müharibə 1-2 həftəyə başa çata bilər. Bu halda Ukrayna ikinci Belarusa çevrilə bilər. Aİ bunu istəmir”. Bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel deyib.  O bildirib ki, əsas məsələ müharibəni bitirmək yox, savaşa necə son verməkdir. 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki,  Borel səsləndirdiyi fikirlərlə ilk növbədə Qərbin dəstəyinin Ukrayna üçün əhəmiyyətli olduğuna işarə vurub:

 

“Bu fikirlər rəsmi Kiyevin Qərbdən silah təminatı ilə bağlı narazılığının artdığı bir vaxtda xüsusilə diqqət çəkir.  Aİ rəsmisinin bu açıqlaması həm də təhdid məzmunludur. Borel sanki Ukraynaya xəbərdarlıq edir ki, “verdiyimiz silahlarla müharibəni biz dediyimiz vaxtadək davam etdirəcəksən, əgər özbaşınalıq etmək istəsən, bunun nəticəsi ağır ola bilər.  Onun bu bəyanatı digər Qərb rəsmilərinin Ukrayna ordusunun yenilməzliyinə dair verdiyi açıqlamaları da şübhə altına salır. Çünki Borel Ukraynanın taleyinin birbaşa Qərbdən asılı olmasına eyham vurub”.

 

Müsahibimiz bildirib ki,  Aİ hələ ki müharibənin başa çatmasında maraqlı deyil:

 

“Doğrudur, Qərb əlini Ukraynanın üzərindən çəksə, Kiyevin işi ağırlaşacaq. Gələcəkdə Ukraynanın Rusiya ilə Avropa arasında parçalanması, yaxud Borelin iddia etdiyi kimi Belarustək Rusiyanın müstəmləkəsinə çevrilməsi mümkündür. Qərbin hazırkı dəstəyi bu təhlükələrin qarşısını alır. Lakin eyni zamanda deməliyik ki, savaşın yaxın vaxtda başa çatacağı ağlabatan görünmür. Əksinə, döyüşlərin miqyası daha da genişlənə bilər. Təəssüf ki, Ukrayna hər ötən gün daha çox Qərbdən asılı vəziyyətə düşür”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR