“Masada sülh müqaviləsi sənədi yoxdur, Paşinyanın şərtləri isə...” - Açıqlama

"Azərbaycan və Ermənistan liderlərinin Avropa Birliyinin siyasi sammiti çərçivəsində reallaşan görüşündə həlledici nəticə olmadı. Prosesdə Almaniyanın yer alması yenilik idi və bu Azərbaycanın maraqlarına xidmət edirdi".
Sfera.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə bildirib. Ekspert iyunun 1-də Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüşdə Paşinyanın irəli sürdüyü şərtlərdən danışıb:
"Liderlər növbəti dəfə Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə görüşəcək. Danışıqlara rəğmən Ermənistan öz destruktiv mövqeyində qalır. N. Paşinyanın irəli sürdüyü birinci şərt Qarabağdakı ermənilərlə rəsmi Bakı arasındakı dialoqunun beynəlxalq vasitəçiliyin təminatı ilə aparmasıdır. İkincisi, sərhəddə qoşunlar güzgü prinsipi ilə geri çəkilməlidir. Üçüncüsü, anklavlarla bağlı mübadilə olmalıdır. Ermənistan həmçinin Kəlbəcərdə Zod kəndinə iddialar irəli sürür. Ona görə də Ermənistanın yanaşması tezliklə sülh müqaviləsinin bağlanmasını istisna edir. Masada sülh müqaviləsinin sənədi yoxdur. Çünki mövqelərdə ziddiyyətli məqamlar çoxdur".
Politoloq qarşıdakı zaman ərzində Ermənistanın təxribatlara əl atacağını deyib:
"Növbəti aylar Ermənistan şərti sərhəddə hərbi təxribatlara gedə bilər. Həmçinin Qarabağda qanunsuz silahlı erməni birləşmələri də təxribatlara əl atacaq".
Əzizə Zeynal