Avtomobillərin qiymətləri yenidən ARTACAQ – SƏBƏB

Azərbaycanda son illərdə hökumət tərəfindən qəbul edilən qərarlar səbəbindən avtomobillərin qiymətində artım müşahidə edilir.
Sfera.az xəbər verir ki, 2024-cü ildə qüvvəyə minəcək yeni qaydalar avtomobillərin qiymətini bir qədər də artıracaq.
"İstehsalat və məişət tullantıları haqqında" qanuna edilən əlavə və dəyişikliyə əsasən, avtomobillərin utilizasiya fondu yaradılacaq və bu fond üçün vəsait avtomobillərin idxalına əlavə rüsumlar tətbiq etməklə, eyni zamanda illik texniki baxış xərclərinə əlavələr hesabına toplanacaq.
İdxal olunan və istehsal tarixi 3 ildən çox olan köhnə avtomobillərdən idxalı zamanı nəzərdə tutulan ilkin utilizasiya rüsumunun məbləği açıqlanıb. Bu barədə “Təmiz Şəhər” ASC-nin Hüquq şöbəsinin müdir müavini Mirzə Laçınov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında məlumat verib.
O bildirib ki, istismar müddəti 1-3 il olan avtomobillərin idxalı zamanı utilizasiya rüsumu alınmayacaq.
“İstismar müddəti 4 ildən 7 ilə qədər olan idxal olunmuş avtomobillərdən 400 manat, 7 ildən artıq olan avtomobillərdən isə 700 manat rüsum alınması nəzərdə tutulur. Lakin bu rəqəmlər hələ dəqiq deyil. Bu istiqamətdə müzakirələr davam etdirilir və məbləğ dəyişə bilər”, – o qeyd edib.
Əlavə edək ki, yeni rüsum avtomobillərin idxal xərcini artıracaq və bu, ölkə daxilində avtomobillərin dəyərini yüksəldəcək. Yeni xərc amilinin təsiri ilə böyük ehtimalla Azərbaycana avtomobil idxalı azalacaq və avtomobil parkının yenilənməsi prosesi gecikəcək.
Vasif