Azərbaycanda oğlanların sayı qızlardan 15 faiz çoxdur - SƏBƏB + STATİSTİKA

Hər il iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. BMT-nin qərarına əsasən, 1950-ci ilin iyunun 1-dən bu tarix xüsusi gün kimi qeyd edilir.
Sfera.az xəbər verir ki, dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da bu gün qeyd olunur.
Azərbaycanda uşaqların hüquqları hərtərəfli qorunur. Hətta 1998-ci ilin mayında “Uşaq hüquqları haqqında” qanun da qəbul edilib. Ölkəmizdə uşaqların hüquqları, sosial müdafiəsi təmin edilsə də, son illərdə uşaqların sayında azalma dinamikası müşahidə edilir. 2005-ci ildən başlayaraq Azərbaycanda uşaqların sayının azalması prosesi gedir. Bunun nəticəsində ölkə əhalisinin tərkibində uşaqların payı da kiçilir.
2005-ci ildə Azərbaycan əhalisinin 31,8 faizi, yəni 2,719 milyon nəfəri uşaqlardan ibarət olub. Uşaq sayı 2010-cu ildə 2,543 milyona və ya əhali sayının 27,9 faizinə, 2015-ci ildə 2,589 milyona və ya əhali sayının 26,7 faizinə, 2020-ci ildə 2,634 milyona, yaxud əhali sayının 26 faizinə, 2021-ci ildə isə 2,613 milyona və yaxud əhali sayının 25,7 faizinə geriləyib. Azərbaycanda 2005-ci ildə vətəndaşların hər 3 nəfərindən 1-i uşaq olduğu halda, hazırda hər 4 nəfərdən 1-i uşaqdır.
Uşaqların sayı azalmaqla bərabər onların cins tərkibində də ciddi fərqlər yaranır. Mövcud vəziyyətin təhlili göstərir ki, ölkəmizdə uşaqlarla bağlı ən ciddi problemlərdən biri cins nisbətinin pozulmasıdır. 2005-ci ildə uşaqların 51,2 faizi kişi cinsinə mənsub olsa da, 2021-ci ildə 53,5 faizi kişilərdən ibarət olub.
2005-ci illə 2021-ci il arasında aparılan müqayisədən görünür ki, oğlan uşaqlarının sayı nəinki azalmayıb, əksinə bir qədər (4 min nəfər) artıb. Amma qız uşaqlarının sayında ciddi azalma baş verib. Bu dövrdə qız uşaqlarının sayı 1,326 milyondan 1,216 milyona qədər geriləyib. Qızların sayında 110 min nəfər, yəni 8,3 faiz azalma var.
Qız uşaqlarının sayının azalmasnın səbəbi selektiv abortların, yəni hamiləliyə dölün cinsinə görə xitam verilməsinin üstünlük təşkil etməsidir. Bunun nəticəsində Azərbaycanda doğulan hər 117 oğlana 100 qız düşür. Bu fakt beynəlxalq normativlərlə ziddiyət təşkil edir. Qəbul olunan normaya əsasən, 100 oğlana 104 qızın düşməsi məqbuldur.
Hamiləlik dövründə qız uşaqlarının daha çox qətlə yetirilməsi onunla nəticələnib ki, indi oğlan uşaqlarının sayı qızlardan 15 faiz çoxdur. 1998-ci ildən ölkəmizdə uşaqlar arasında cins nisbətinin pisləşməsi dinamikası müşahidə olunur. BMT-nin son araşdırmalarına görə Azərbaycan uşaqlar arasında cins nisbətinin pozulmasına görə öndə gedən ölkələrdəndir.
Vasif