“Bu, ölkəm üçün faydalıdır...” – Erməni deputat Azərbaycanla sərhədlərin açılmasını dəstəklədi

"Türkiyə ilə sərhədlər açılsa, Ermənistan Azərbaycanla da açıq sərhədlər şəraitində iqtisadi fayda əldə edəcək".
Sfera.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasının deputatı Xaçatur Sukiasyan deyib.
Millət vəkili qeyd edib ki, əvvəlki kimi Ermənistan-Türkiyə sərhədlərinin açılmasının və iki dövlət arasında münasibətlərin normallaşmasının tərəfdarı olaraq qalır.
Siyasətçi mövqeyini onunla izah edib ki, Ermənistan bütün qonşu ölkələrlə - Gürcüstan, İran, Türkiyə və Azərbaycanla açıq sərhədlər şəraitində iqtisadi fayda əldə edəcək.
"Mən bunun tərəfdarıyam, çünki başa düşürəm ki, bu, ölkəm üçün faydalıdır. Əgər Ermənistan məhsulları Türkiyə vasitəsilə Avropaya ixrac edilərsə, həm nəqliyyat xərcləri azalar, həm də mallar rəqabətə davamlı olar", - deputat bildirib.
Əzizə Zeynal