“Ukraynanın Rusiyaya mümkün hücumlarını dəstəkləyəcəyik, amma...” – NATO-nun Baş katibi

“Ukraynanın Rusiya ərazisinə mümkün hücumları ilə bağlı NATO-nun mövqeyi dəyişməzdir. Çünki Kiyev özünü müdafiə etmək hüququna malikdir”.
Sfera.az bildirir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. Şimali Atlantika Alyansının rəhbəri qeyd edib ki, Ukraynaya dəstək lazım olduğu qədər davam edəcək.
“Lakin bu, NATO və NATO üzvlərini münaqişənin iştirakçısı etmir. Bu, bizim qərarımız idi - münaqişənin tərəfinə çevrilmədən Ukraynanı dəstəkləmək. Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Özünümüdafiə hüququ isə BMT Nizamnaməsində təsbit olunub” - o vurğulayıb.
Baş katib qeyd edib ki, alyansın Ukrayna böhranında iki mühüm vəzifəsi var: “Bunlar Ukraynanı dəstəkləməkdən və münaqişənin ölkədən kənarda yayılmasına qarşı mübarizədən ibarətdir”.
Müharibəni Putinin başlatdığını söyləyən Stoltenberq qeyd edib ki, bunu ancaq o özü dayandıra bilər.
Xatırladaq ki, bundan əvvəl Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-nin Ukraynanın Rusiya ərazisinə zərbə endirməsinə qarşı olduğunu bildirmişdi.
Günay Rəsulqızı