Türkiyə höküməti bu problemləri həll etməlidir - “Standard & Poor's” AÇIQLADI

Beynəlxalq kredit reytinq agentliyi olan “Standard & Poor's”un ölkə reytinqləri üzrə direktoru Frank Gill Türkiyədə yeni hökumətin həll etməli olduğu ən mühüm problemləri açıqlayıb.
Sfera.az xəbər verir ki, Gillin fikrincə yeni hökumət nəzarətdən kənar inflyasiya, yüksək cari əməliyyatlar kəsiri və valyuta ehtiyatlarının azlığı kimi problemləri həll etməlidir.
Reytinq agentliyinin rəsmisi bildirib ki, iqtisadiyyatda mövcud disbalans səbəbindən artım tempi dayanıqlı deyil:
“Xarici investorlar üçün investisiyalarının yüksək gəlir gətirməsi və proqnozlaşdırıla bilən tənzimləyici çərçivənin olması vacibdir. Ortodoks siyasətə qayıdışın baş verib-verməyəcəyini proqnozlaşdırmaq çətindir. Biz maliyyə baxımından xərclərin azaldılmasını gözləyirik, lakin bu, yerli seçkilərə qədər qala bilər”.
Gill deyib ki, fevral zəlzələlərindən zərər çəkmiş ərazilərin bərpası üçün əhəmiyyətli maliyyə vəsaiti lazımdır, lakin bu maliyyənin haradan əldə ediləcəyi bəlli deyil. İxracın yaxşı performans göstərməsinə baxmayaraq, bundan əldə ediləcək gəlirin valyuta ehtiyatlarını əvəz etməyə kifayət etməyəcəyini söyləyən Gill, bu il üçün artım proqnozlarının 2,1 faiz olduğunu və yaxın gələcəkdə proqnozlarına yenidən baxacaqlarını söylədi.
Vasif