"Bu razılıq dolların əsas valyutalara nisbətən güclənməsinə səbəb olacaq" - ŞƏRH

Millət vəkili, iqtisadçı Vüqar Bayramov dolların kursu barədə sualları cavablandırıb.
Sfera.az-ın məlumatına görə, deputat qeyd edib ki, ABŞ-də borc böhranı davam etsə də, Ağ Ev ilə qanunverici orqanın ilkin razılıq əldə etməsi ilə bağlı mesajlar var:
“Belə ki, ABŞ prezidenti ilə respublikaçı konqresmen Kevin Makkartin hökumətin 31.4 trilyon dollarlıq borc tavanının növbəti 2 il üçün uzadılması ilə bağlı razılığa yaxın olduğu bildirib. 23.32 tirlyon dollarlıq nominal ÜDM ilə ABŞ dünyanın əsas iqtisadi gücü olaraq qalmaqdadır. Bu baxımdan Birləşmiş Ştatlardakı borc problemi qlobal iqtisadiyyata ciddi təsir göstərirdi. Doğrudur, dolların səbət valyutalara nisbətən məzənnəsində eniş müşahidə olunmurdu. Əksinə, dollar Avropa puluna nisbətən son həftə möhkəmlənmişdi. Borc razılığının əldə edilməsi dolların əsas valyutalara nisbətən yenidən güclənməsinə səbəb ola bilər”.
V.Bayramov bildirib ki, hələlik səbət valyutaların kurslarında ciddi volatillik gözlənilmir: “Bununla belə, borc razılığı qlobal iqtisadiyyat üçün də yeni imkanlar yaradacaq”.
Günay Rəsulqızı