Priqojin "Vaqner"i Baxmutdan ÇIXARDI - Rusiya ordusunda nələr baş verir?

Priqojin

““Vaqner” muzdlu qrupu Baxmut şəhərindən geri çəkilməyə başlayıb”.

 

Sfera.az bildirir ki, bunu qrupun rəhbəri Yevgeni Priqojin deyib.

 

O, iyunun 1-dək şəhərə nəzarəti Rusiya ordusuna təhvil verəcəyinə söz verib. Priqojin rus ordusunun vəziyyəti idarə edə bilməyəcəyini desə də, qüvvələrinin geri qayıtmağa hazır olduğunu bildirib.

 

"Biz bu gün Baxmutdan birlikləri çıxarırıq", - Priqojin “Telegram”da dağıdılmış şəhərdən yayımlanan videoda söyləyib. Görüntülərdə “Vaqner”in rəhbəri öz adamlarına Rusiya ordusu üçün sursat buraxmağı əmr edərkən görünüb. O əlavə edib ki, bəzi “Vaqner” döyüşçüləri rus qoşunlarına kömək etmək üçün geridə qalacaq.

 

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar isə “Vaqner” qüvvələrinin hələ də şəhərin cənub-qərbindəki Litak rayonunun bir hissəsinə nəzarət etdiyini açıqlayıb:

 

"Düşmən şəhərətrafı ərazilərdəki “Vaqner” bölmələrini nizami ordu qoşunları ilə əvəz edib. Lakin şəhərin daxilində “Vaqner” qüvvələri hələ də mövcuddur".

 

Analitiklərin fikrincə, artıq Baxmut Moskva üçün strateji əhəmiyyət kəsb etmir: “Lakin onun ələ keçirilməsi Ukraynada indiyə qədər davam edən müharibənin ən uzun döyüşündən sonra Rusiyanın simvolik qələbəsi olardı”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR