“İranın təsiri altına düşmüş qruplara qarşı daha təsirli addımlar atılmalıdır” – Deputatdan açıqlama

“İranın təsiri altına düşmüş qruplara qarşı daha təsirli addımlar atılmalıdır” – Deputatdan açıqlama

İrandan ölkəmizə qaçaqmalçılıq yolu ilə narkotik keçirilməsi hallarının aşkarlanmasına, dövlətçilik əleyhinə təbliğat aparan İrana bağlı casus şəbəkəsinin hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsinə baxmayaraq, problem aktualığını qoruyub saxlayır.

 

Bəzi hallarda hətta ictimai nəqliyyatda belə, İran təbliğatını aparan, insanları bu şəbəkəyə qoşulmağa təşviq edənlərə rast gəlinir.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən deputat Ceyhun Məmmədov İran təbliğatı ilə məşğul olan hər bir şəxsin hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülməli olduğunu deyib:

 

“Son vaxtlar Azərbaycanın xüsusi xidmət orqanları bu şəbəkələrin ifşa olunması yönündə təsirli tədbirlər həyata keçirir. Bu şəbəkəni çökdürmək üçün İrandan maliyyələşən bütün təşkilat və qurumların da fəaliyyəti dayandırılmalıdır. Bu qrupların saytları, televiziyaları var və bu media orqanlarının işinə son verilməlidir. Eləcə də sosial şəbəkələrdə irançılığı təbliğ edən şəxslər nəzarətə götürülməli, onlarla bağlı ölçü götürülməlidir”.

 

C.Məmmədov irançılığı təbliğ edənlərin iki məqsədlə bu yolda olduğunu bildirib:

 

“İnsanların bu şəbəkələrə üz tutmasının başlıca səbəbi İranın onların dini inancını istismar etməsidir. İran bu şəxsləri inandırır ki, onlar həqitətən də dini qaydalara uyğun olaraq bu təbliğatı aparmalıdırlar. Bu insanların beyni yuyulub, bu qədər təxribata baxmayaraq, onlar İranı dəstəkləməkdə davam edirlər. Digər səbəb isə bu qrupların maliyyələşdirilməsidir. Məzhəbçiliyi, dini radikallığı təbliğ edən qrupların hamısı İran tərəfindən maliyyələşdirilir”.

 

Millət vəkili İran tərəfinin ölkəmizdə dövlət qurumlarına da müdaxilə etmək istədiyini deyib:

 

“İran bu gün maddi resurs hesabına sosial şəbəkədə, biznes sahəsində, eləcə də mediada öz siyasətini həyata keçirməyə çalışır. Onlar hətta dövlət qurumlarına da müdaxilə etmək istəyirlər. Hesab edirəm ki, dövlət qurumlarının ekspertlərindən ibarət komissiyanın yaradılmasına ehtiyac var. Müəyyən işlər görülür, amma bu istiqamətdə daha təsirli tədbirlər həyata keçirilməlidir”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR