“Borcu ödəmək istəməyən mirasdan da imtina etməlidir...” – Deputatdan yeni qaydaya şərh

“Borcu ödəmək istəməyən mirasdan da imtina etməlidir...” – Deputatdan yeni qaydaya şərh

Xəbər verdiyimiz kimi, Azərbaycanda vəfat etmiş şəxsin ipoteka krediti borcunu vərəsələri ödəyəcək.

 

Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında bununla bağlı qərar qəbul edib.

 

Qərara əsasən, Mülki Məcəlləyə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

 

Bəzi ekspertlər isə bu qərara etiraz edərək belə olan halda həyat sığortasının tətbiq edilməli olduğunu deyir. Maraqlıdır, bu yanaşma nə dərəcədə doğrudur?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən deputat Bəhruz Məhərrəmov yeni qərarın yanlış şərhinin insanlarda çaşqınlıq yaratdığını qeyd edib:

 

“Bildiyiniz kimi, Konstitusiya Məhkəməsinin 19 aprel tarixli qərarı ilə borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələrin miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıması və onlar öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə isə kreditora ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldırmaq hüququ bir daha təsbit olunub.  Hüquqi prinsiplər, o cümlədən Konstitusiyanın aliliyi baxımından bu qərar Konstitusiya Məhkəməsinin ən uğurlu hüquqi aktlarından biridir. Amma təəssüf ki, ayrı-ayrı şəxslər, psevdomütəxəssislər, maraqlı siyasi qruplar və bəzən media qurumları qərarın mahiyyətini ictimaiyyətə təhrif edilmiş formada kommunikasiya edərək çaşqınlıq yaradırlar. Əslində isə Konstitusiya Məhkəməsi çox sadə hüquqi prinsiplərə və mövcud qanunvericilik normalarına əsaslanaraq bu hüquqi qənaəti formalaşdırıb.

 

Belə ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa miras aktivi və miras passivi daxildir. Yəni mirası qəbul etmiş vərəsələr əmlak və s. hüquqlar əldə etdiyi kimi miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mirasqoyanın əmlakını götürüb onun borclarına sahib durmamaq nə əxlaqi-mənəvi, nə də hüquqi cəhətdən doğru deyil. Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən isə vərəsələr qəbul etdikləri miras əmlakındakı paylara mütənasib surətdə ölmüş mirasqoyanın əvəzindən birgə borclu kimi məsuliyyət daşıyırlar. Yəni 1000 manat borcu olan ata vəfat edirsə, onun iki varisi varsa və həmin varislər atanın bütün əmlakına sahib çıxmaq üçün vərəsəliyi qəbul edirlərsə, eyni zamanda onun borcuna da sahib çıxmalıdırlar və atadan qalan miras əmlakdakı payları nisbətində borcluya çevrilirlər. Yəni borclunun ölümü ilə onun öhdəliklərinə xitam vermir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir”.

 

Millət vəkili vərəsələrin kredit borcunu ödəmək istəməyəcəkləri halda mirasdan imtina etməli olduğunu qeyd edib:

 

“Əlbəttə, hansısa vərəsə mirasqoyana görə məsuliyyət daşımaq istəmirsə, bütövlükdə mirasdan imtina edə bilər. Amma vərəsələr mirası qəbul edirsə, lakin icra vaxtı çatmış əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikləri halda borc sahibinin haqqı var ki, ipoteka qoyana qarşı tələb irəli sürsün. Çünki Mülki Məcəllənin 269-cu maddəsinə görə, ipoteka borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

 

Eyni zamanda bəzi hallarda cəmiyyətdə ipoteka sözü yalnız mənzillə assosiasiya olunur. Əslində isə ipoteka dedikdə söhbət borc götürülən pula görə daşınmaz əmlakın, yaxud mülkiyyət hüquqları qeydə alınan daşınan əşyanın girov qoyulmasıdır. İpoteka müqaviləsi bağlanarkən borclu da, borcalan da razılaşır ki, borcu qaytara bilməsə tələb ipoteka obyektinə yönələcək.

 

Bu mənada Konstityusiya Məhkəməsinin qərarı nəinki hər hansı mübahisəyə yol açır, əksinə, əsas borcluya, yaxud onun vərəsələrinə qarşı tələb irəli sürülmədən ipoteka qoyana qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə qaldırılan iddiaların təmin edilib-edilməməli olması ilə bağlı məhkəmə praktikasında müxtəlif yanaşmalara son qoymuş olur”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...