“Evlidir, üç övladı var, mühafizəçi işləyir...” – 13 yaşlı qızı qaçıran şəxsi hansı cəza gözləyir?

“Evlidir, üç övladı var, mühafizəçi işləyir...” – 13 yaşlı qızı qaçıran şəxsi hansı cəza gözləyir?

Xəbər verdiyimiz kimi, Tovuzda 13 yaşlı qızı qaçırmaqda şübhəli bilinən S.Kavazov barəsində cinayət işi açılıb. Zaman-zaman mətbuatda azyaşlıların evlənmək məqsədilə qaçması və ya qaçırılması barədə məlumatlarla qarşılaşırıq.

 

Bəs, yetkinlik yaşına çatmayan şəxsin qaçırılması qanunvericiliklə hansı məsuliyyətə səbəb olur?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə deyib ki, Azərbaycan Resublikasının Cinayət Məcəlləsinə əsasən adam oğurluğu beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır:

 

“Həmin əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda—on ildən on beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Lakin qanunda belə bir istisna da var ki, əməllərində başqa cinayətin tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxs cinayət məsuliyyətindən azad olunur. Habelə burada müəyyən etmək lazımdır ki, qaçırılması iddia edilən şəxs həqiqətən qaçırılıb, yoxsa öz razılığı və azad iradəsi ilə həmin şəxslə birlikdə gedib. Vətəndaşlar bilməlidir ki, qızla ailə qurmaq məqsədilə onun qaçırılması, yəni el arasındakı adı ilə “qızqaçırtma” əgər qadının könüllü razılığı olmadan və onun iradəsi ziddinə baş verirsə, bu, adam oğurluğu cinayəti sayılır və qız qaçıran şəxsi ağır cəzalar gözləyir”.

 

Müsahibimiz öz istəyi ilə qaçan qızlardan da söz açıb:

 

“Bəzən belə də olur ki, qız əvvəlcə öz istəyi ilə qaçır. Lakin sonradan istintaq orqanında ifadə zamanı obyektiv və subyektiv səbəblərdən - məsələn, atasının və qohumlarının basqısından dolayı zorla qaçırıldığını bildirir. Bu zaman qızı qaçıran oğlan olduqca pis vəziyyətdə qalır və əlində qızın könüllü qaçdığına dair sübut yoxdursa, həmin qaçıran şəxsi çox çətin günlər gözləyir. Yəni qızın qaçmağa razılıq verməsi hələ qızın fikrini dəyişməyəcəyi anlamına gəlmir. Amma Tovuzda baş vermiş olay bir az fərqlidir. Belə ki, qızın cəmi 13 yaşı var. Heç bir səbəb 13 yaşlı qızın 40 yaşlı şəxs tərəfindən aparılmasına, təşviq edərək yanına çağırmasına əsas ola bilməz. Ailə Məcəlləsində nikah yaşı 18 yaş qeyd olunub. Qızı qaçırmaqda şübhəli bilinən Xudat şəhər sakini Səfər Kavazovun isə 40-dan çox yaşı var və ailəlidir. Üç övladı olan S.Kavazov Xudat şəhər xəstəxanasında mühafizəçi kimi çalışır. Yəni, burada əsaslı şübhələr var və hüquq mühafizə orqanları tərəfindən baş verən bu hadisə çox ciddi araşdırılmalıdır”.

 

T.Abdullazadə vurğulayıb ki, Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə — üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır: “ Yəni qız oğlanla könüllü getmiş, lakin qızın 16 yaşı tamam olmamışdırsa, bu zaman da qızı könüllü qaçıran şəxsi cinayət məsuliyyəti gözləyir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...