Avropa ölkələrinin Çinlə münasibətləri PİSLƏŞİR – G7-nin növbəti hədəfi Pekin ola bilər

Yaponiyada 3 gün davam edən toplantıda G7 ölkələri ilk dəfə olaraq Çinlə bağlı ortaq və sərt mövqe ortaya qoyublar.
Sfera.az CNN-ə istinadən xəbər verir ki, G7 toplantısından qəbul olunan birgə sənəddə dünyanın ikinci ən böyük iqtisadiyyatı ilə əməkdaşlıq etməyin vacibliyi vurğulanmaqla yanaşı, onun "bədxah və təhrikedici əməllərinə" qarşı qətiyyətlə durmağın lazım olduğu qeyd edilib.
Liderlər, həmçinin Rusiyanın Ukrayna ilə apardığı müharibəni maliyyələşdirmək və genişləndirmək qabiliyyətini zəiflətmək üçün yeni addımlar atacaqlarını vəd ediblər.
G7 toplantısı göstərir ki, bəzi Avropa dövlətləri ABŞ kimi Çinlə münasibətlərini tədricən sərtləşdirirlər. Avropa ölkələrinin hökumət və dövlət başçıları hesab edir ki, Çin Rusiya Prezidenti Vladimir Putinlə əlaqələri gücləndirdiyinə və Ukraynanın işğalına dolayısı ilə dəstək verdiyinə görə son 15 ayda Avropadakı imicinə ciddi zərbə vurub.
İngiltərənin Baş naziri Rişi Sunak Çinin təhlükəsizlik və rifah üçün ən böyük risk yaradan ölkə olduğunu, bu ölkənin davranışı ilə getdikcə daxildə avtoritar, xaricdə isə iddialı olduğunu söyləyib.
Bu addımlara rəsmi Pekinin cavabı gecikməyib. Çin hökuməti G7 ölkələrini ABŞ-nin təhriki ilə hərəkət etməməyə, onun planlarına şərik olmamağa çağırıb.
Çin bildirib ki, kütləvi şəkildə birtərəfli sanksiyalar, sənaye, ticarət və logistika sistemini zədələyən addımlar sadəcə sanksiyalara məruz qalan tərəfə yox, digər ölkələrə də təsir edir. Rəsmi Pekin ABŞ-nin iqtisadi sanksiyalardan siyasi və hərbi məqsədlərin həyata keçirilməsində zorakılıq vasitəsi kimi istifadə etdiyini vurğulayıb.
Çin hökuməti G7-ni dünyanı ideologiyalar və dəyərlər əsasında bölməyə çalışmaqda da ittiham edib. Rəsmi Pekin bəyan edib ki, G7-də üstünlük təşkil edən Qərb qaydalarını qəbul etmir və qəbul etməyəcək.
G7-yə üzv ölkələr Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ-dir. Avropa İttifaqı da G7-yə qeyri-ölkə kimi qoşulur.
Yaponiyada keçirilən sammitdə Hindistanın Baş naziri Narendra Modi, İndoneziya Prezidenti Coko Vidodo və Avstraliyanın Baş naziri Entoni Albanese də daxil olmaqla bir sıra G7-yə daxil olmayan liderlər də iştirak edib.
Vasif