Pakistan generalı İmran Xana QARŞI: Ölkədə gərginlik artır...

Pakistan generalı İmran Xana QARŞI: Ölkədə gərginlik artır...

“İmran Xanın Pakistan hökuməti və hərbi rəhbərliyi ilə uzun sürən mübahisəsi getdikcə daha çox general Asim Munirlə şəxsi duelə bənzəyir”.

 

Sfera.az bildirir ki, bu barədə “The Telegraph” nəşrində dərc olunan məqalədə məlumat verilib. Qeyd olunub ki, sözügedən şəxslərdən biri xarizmatik, kriket oyunundan siyasətə atılan diplomatdır, digəri isə əhəmiyyətli nüfuza sahib olan və Pakistanın idarəçiliyində son söz sahibi olmağı sevən bir orduya rəhbərlik edən sakit bir generaldır.

 

 

“Onların toqquşmasının mərkəzində heç kəsin açıq şəkildə etiraf etmədiyi fikir ayrılığı dayanır. Bu, general Münirin 2019-cu ildə Pakistanın güclü Xidmətlərarası Kəşfiyyat Agentliyindən (ISI) qovulmasına səbəb olan korrupsiya iddiası ilə İmran Xanın ailəsini araşdırmaq təhdidindən irəli gəlir. Xan son günlər ordu rəisinə açıq şəxsi hücumlar edərək general Münirin demokratiyanı, konstitusiyanı, əsas hüquqları təhdid etdiyini iddia edib. "O, özünü qorumaq üçün əsasən bu ölkənin gələcəyini məhv edir", -İmran Xan söyləyib”.

 

Nəşr vurğulayıb ki, İmran Xan sakitcə hakimiyyətdən getməkdən imtina edərək, kütləvi izdiham toplayıb və təcili seçkilərin keçirilməsini tələb edib:

 

“O, həmçinin sui-qəsd cəhdinə məruz qalıb,  məhkəmə proseslərinə cəlb olunub  və bu ayın əvvəlində həbs edilib. İndi isə İmran Xan getdikcə general Muniri onun hakimiyyətə qayıtmaması üçün təqib kampaniyasının memarı kimi göstərir. Munir noyabr ayında ordunun yüksək vəzifəsini tutdu. O, ordunun daxili işlərinə baxan hərbi kəşfiyyatın, sonra isə İSİ-nin rəhbəri idi. Munirin ilk dəfə ISI rəhbəri kimi o vaxt Baş nazir olan İmran Xanla toqquşduğu bildirilir”.

 

 

“Telegraph” iddia edib ki, İmran Xan indi ordu rəisini onu hakimiyyətdən uzaqlaşdırmaq üçün hiylə işlətməkdə günahlandırır: “Xanın fikrincə, general vəzifəsini itirməkdən qorxur. Lakin nə ordu, nə də general Munir İmran Xanın iddialarına cavab verməyib. Hazırkı Pakistan hökuməti İmran Xanın korrupsiyadan tutmuş terrorizmə qədər çoxsaylı işlərdə adının hallanmasına baxmayaraq,  müxalifətdə populyarlığının artmasını təşviş içində izləyir”.

 

“Wilson Center” beyin mərkəzinin Cənubi Asiya İnstitutunun direktoru Maykl Kuqelman bu barədə fikirlərini belə ifadə edib: “Onlar Xanın hakimiyyətə qayıtmasını istəmirlər və bu o deməkdir ki, başqa bir həbs ehtimalı və ya onu vəzifədən kənarlaşdırmaq cəhdi ola bilər. İmran Xan üçün çətin mübarizə olacaq. Adətən bu cür döyüşlərdə ordu qalib gəlir, lakin bu qarşıdurmanın hansı istiqamətə gedəcəyini kimsə bilmir”.

 

“İmran Xan bizim aslanımızdır və Pakistan adına danışan böyük liderdir” deyə İmran Xanın tərəfdarlardan biri onun həbsinə etiraz olaraq söyləyib. Cazib Əli adlı başqa bir gənc isə, “Biz seçki istəyirik və başqa heç nə istəmirik. Səlahiyyətlilər bunu istəmirlər, çünki onların məğlubiyyəti divara yazılıb”. Nəşr son olaraq qeyd edib ki, hazırda mövcud gərginliyi dərhal aradan qaldırmaq lazımdır, əks halda, Pakistan hökuməti stressə daha çox dözə bilməz.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR