Pomidor niyə bahadır? – “Bu tarixdən bazarda ucuzlaşmaya şahidlik edəcəyik”

Artıq may ayının sonlarına yaxınlaşsaq da, pomidor və xiyarın qiyməti yüksək olaraq qalmaqdadır. Belə ki, market və bazarlarda pomidorun bir kiloqramının qiyməti 2 manatdan, xiyarın qiyməti isə 1 manatdan başlayır.
Maraqlıdır, qarşıdakı günlərdə qiymətlərin ucuzlaşması gözlənilirmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bazarda olan məhsulların parniklərdən gətirildiyini, bunun isə qiymətlərə təsir etdiyini deyib:
“Bir neçə ay bundan qabaq pomidoru 8-9 manata, xiyarı isə 2-3 manat zorla tapmaq olurdu. Yəni ucuzlaşma var, biz bunu gizlədə bilmərik. Pomidorun yığımı əkin sahələrindən başladıqca, biz bu məhsulların qiymətinin aşağı düşməsini də görəcəyik. Çünki bazara həm 2 ay öncə, həm də indi çıxarılan pomidor parnik məhsulu idi. Təbii olaraq parniklərdə yetişdirilən məhsulların işçi qüvvəsi və s. kimi xərcləri çox, rəqabət isə az olduğundan məhsullar baha təqdim olunur”.
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov isə iyuna doğru pomidor-xiyar qiymətlərində ucuzalaşmanın olacağını deyib:
“Mövsümi meyvə və tərəvəzlərlə bağlı qiymətlər həmişə ilkin zamanlarda yüksək olur. Ola bilər ki, iyuna doğru qiymətlərdə ucuzlaşmanı hiss edək. Məhsul bolluğu yaranan kimi, bazar iqtisadiyyatı qaydaları işə düşür. Nə qədər çox məhsul bazara çıxarlırsa, qiymət də bir o qədər aşağı olur. İstehsal artarsa, qiymətlər də ucuz olacaq. Fermerlər yox, kənd təsərrüfatı ilə məşğul olanlar, alverçilər çalışırlar ki, məhsullarını hissə-hissə bazara çıxarsınlar ki, bolluq yaranmasın. Lakin çox güman ki, may ayının sonlarından, iyunun əvvəllərindən ucuzlaşma olacaq”.
Əzizə Zeynal