Rusiyadan Ukraynaya “F-16”ların verilməsinə REAKSİYA: \"Nəzərə alacağıq!\"
"Rusiya öz planlarında Qərbin Ukraynanı “F-16” qırıcıları ilə təmin etmək niyyətini nəzərə alacaq".
Sfera.az xəbər verir ki, bunu TASS-a Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
Onun sözlərinə görə, Qərb ölkələri Ukrayna münaqişəsini gərginləşdirməkdə davam edir və bu ssenari Qərb üçün böyük risklər daşıyır.
Xatırladaq ki, bir müddət əvvəl “Washington Post” qəzeti ABŞ dövlət katibi Entoni Blinkenin Amerikaya aid “F-16” qırıcılarının Kiyevə təhvil verilməsində israr etdiyini yazıb. Qəzet qeyd edib ki, Pentaqon NATO-nun Ukraynaya müasir “M1 Abrams” tanklarının tədarükü məsələsində də tərəddüd etdikdə məhz Blinkenin israrı nəticəsində tankların Ukraynaya verilməsinə razılıq alınıb.
Amerika prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın bildirdiyinə görə, “F-16” qırıcılarının Ukraynaya təhvil verilməsinin vaxtını ABŞ və müttəfiqləri yaxın aylarda müəyyən edəcək. O vurğulayıb ki, Kiyevə nə qədər təyyarənin verilməsi ukraynalı pilotların təlimindən sonra bəlli olacaq. Rəsmi əlavə edib ki, indi ABŞ Ukrayna Hərbi Hava Qüvvələrinin gücləndirilməsi mövzusunun müzakirəsinə keçib.
Vasif