Külli miqdarda saxta dollar satan mütəşəkkil dəstəyə hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə narkotik maddələrin qanunsuz dövriyyəsi və saxta əskinasların hazırlanmasında təqsirləndirilən mütəşəkkil dəstənin üzvləri - Röyal Əliyev, Elşən Ağalı və Hüseynağa Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sfera.az Trend-ə istinadən bildirir ki, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə R.Əliyev 10 il 6 ay, E.Ağalı 12 il 6 ay, Hüseynağa Əsgərov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, təqsirləndirilən şəxslər külli miqdarda narkotik vasitə və saxta ABŞ dollarının qanunsuz dövriyyəsi ilə məşğul olarkən yaxalanıb. Dəstə üzvü E.Ağalının paytaxtın Səbail rayonu ərazisində kirayədə yaşadığı evə baxış keçirilərkən oradan 3 kiloqrama yaxın narkotik vasitə olan heroin, tiryək, həşiş və 22300 saxta dollar aşkar edilərək götürülüb.