Dünya liderləri Yaponiyada TOPLANDI: Hədəf Çin və Rusiyadır

Dünya liderləri Yaponiyada TOPLANDI: Hədəf Çin və Rusiyadır

“Böyük yeddiliyin” (G7) Xirosimada keçirilən sammiti başlayıb.

 

Sfera.az bildirir ki, tədbirin rəsmi proqramı 1945-ci ildə Amerika atom bombası qurbanlarının xatirəsinə həsr olunmuş Sülh Parkına ziyarətlə başlayıb. Aralarında ABŞ, Böyük Britaniya, Fransa kimi nüvə güclərinin də olduğu G7 ölkələrinin liderləri ilk dəfədir ki, Xirosimadakı memorial kompleksi belə tərkibdə ziyarət ediblər.

 

Sammitin əsas gündəliyi isə Rusiya və Çindir. ABŞ prezidenti Co Bayden də daxil olmaqla liderlər üç gün ərzində Rusiya və Çinə qarşı ortaq siyasi proqram yaratmağa çalışacaqlar.  Qeyd olunub ki, bir müddətdir Ukraynanın Rusiyaya əks-hücuma keçəcəyi gözlənilsə də, bu, hələ baş verməyib. Bu baxımdan tanklar və raketlərdən sonra Kiyevə F-16 döyüş təyyarələri vermək üçün liderlərə təzyiqlər artmaqda davam edir. G7 ölkələri artıq Rusiya banklarına və neftinə qarşı müxtəlif sanksiyalar tətbiq etsə də, sammit Moskvanın ildə 5 milyard dollar gəlir əldə etdiyi almaz ticarətini hədəfə alacaq.

 

Sammitin digər əsas mövzusu Çinlə münasibətlərin qurulmasıdır. Vaşinqton Tayvan məsələsində Pekinə qarşı aqressiv mövqe sərgiləsə də, Avropa ölkələri daha ehtiyatlı davranır. Xüsusilə Çinlə yaxşı münasibətlər saxlamaq istəyən Almaniya və Fransa ABŞ-dən asılı olmayan yollar axtarırlar. Fransa prezidenti Emmanuel Makron Xirosima sammiti öncəsi mövqeyini təkrarlayaraq, “Bu, G7-dir, anti-Çin G7 deyil”, deyə söyləyib. Digər tərəfdən, Qərb liderləri Xirosimaya toplaşarkən, Çin Mərkəzi Asiya sammitinə ev sahibliyi edib. Dünən başlayan iki günlük sammitdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan iştirak edir. Sözügedən görüş vasitəsilə Pekin Ukraynanın işğalı ilə bölgədəki hökmranlığı zəifləmiş Rusiyanın boşluğunu doldurmaq niyyətindədir.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR