"Bu, Avropa İttifaqının Çinlə bağlı siyasətini sərtləşdirməsinə yol açacaq" - ŞƏRH

“Ukrayna və Rusiya arasında “real danışıqlar” ilin sonuna qədər mümkündür”. Bunu ABŞ-nin keçmiş dövlət katibi Henri Kissincer “CBS News” kanalına müsahibəsində deyib. O, vasitəçi kimi Çini təklif edib. 

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu bildirib ki, Pekin özü də Rusiya ilə Ukrayna arasında vasitəçi olmaq istəsə də, bunun üçün zəmin yoxdur:

 

“Kissincerin Çinlə bağlı müsbət açıqlamasına baxmayaraq, Vaşinqton və Brüssel Çinin Ukrayna ilə Rusiya arasında vasitəçiliyini qəbul etmirlər. Ukraynaya əsas dəstək verən Vaşinqton və Brüsseldir. Kiyev bu iki mərkəzin rəyi ilə hesablaşmaq məcburiyyətindədir. Ukrayna Prezidenti Volodimir Zelenski Çin lideri Si Cinpinlə telefon danışığında sadəcə bu qənaətə gəlib ki, Çin Rusiyaya silah və hərbi texnika satmayacaq. Ancaq Vaşinqton və Brüsselin Pekinin bu vədi yerinə yetirəcəyinə inamı azdır”.

 

Ekspert həmçinin, Pekinin Vaşinqtonla münasibətlərindən söz açıb:

 

“İki ölkə arasındakı münasibətlərin normallaşması çətin olacaq. Pekin çalışır ki, eyni vəziyyət Avropa-Çin münasibətlərində yaranmasın. Ancaq bu, Pekinin istəyindən asılı deyil. Brüssel Çinlə bağlı yeni strategiya hazırlayır. “Financial Times” qəzetində yayımlanan məqalədə Avropa İttifaqının Rusiyaya elektron avadanlıqlar tədarük edən Çinin yeddi şirkətinə qarşı sanksiyalar tətbiq edə biləcəyi yazılıb. Nəşrin məlumatına görə, mikroçiplər, yarımkeçiricilər və digər elektron məhsullar istehsal edən şirkətlərə məhdudiyyətlər qoyula bilər. Bunlar Avropa İttifaqının Çinlə bağlı siyasətini sərtləşdirməsinə yol açacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR