Dünya mediasından Türkiyə seçkilərinin ikinci turu ilə bağlı PROQNOZLAR

Dünya mediasından Türkiyə seçkilərinin ikinci turu ilə bağlı PROQNOZLAR

Türkiyədəki seçkilər dünya mediasının əsas müzakirə mövzularından biri olub.

 

Sfera.az bildirir ki, nüfuzlu nəşrlər seçkilərin ikinci turu ilə bağlı proqnozlar irəli sürüblər. İngiltərənin “Financial Times” qəzeti “Türkiyədə seçkilərin ikinci turunda üstünlük Ərdoğandadır” başlığı ilə oxuculara yazı təqdim edib:

 

“Əsas rəqibini asanlıqla məğlub edərək ikinci tura gedən Türkiyənin təcrübəli lideri Rəcəb Tayyib Ərdoğan hakimiyyətini üçüncü onilliyə uzatmaq yolundadır. Ərdoğan Kılıçdaroğlundan 2 milyondan çox səs almağa müvəffəq olub, eləcə də parlamentdə çoxluğu əldə edərək ikinci tur şansını yüksəldib”.

 

“CNN İnternational”  telekanalı isə “Türkiyə müxalifəti ikinci turda Ərdoğanla sərt mübarizə aparacaq” başlığına üstünlük verib. Analitiklər seçkidə üçüncü olan Sinan Oğanın seçicilərinin ikinci turda Ərdoğana üstünlük verəcəyini proqnozlaşdırıblar.

 

“Independent” qeyd edib ki, ilk turda 5,17 faiz səs toplayan Sinan Oğanın seçimi qalibi müəyyən edə bilər. Ancaq qəzetə görə, kürd seçicilərin Kılıçdaroğluna verdiyi dəstək bu ehtimalı azaldır. ABŞ-nin “New York Times” qəzeti seçkilərdə Ərdoğanın irəlidə olduğunu və Sinan Oğana səs verən 5,7 faizin ikinci turda böyük ehtimalla ona üstünlük verəcəyini təxmin edib. Qəzet həmçinin vurğulayıb ki, Ərdoğanın parlamentdə çoxluq qazanması onun xeyrinə ola bilər.

 

“Politico” jurnalı Ağ Evin 14 may seçkiləri ilə bağlı açıqlamasını “Bayden Türkiyə seçkilərində qalib gələni dəstəkləyir” başlığı ilə təqdim edib. Qeyd olunub ki, prezident Co Bayden kimin qalib gəlməsindən asılı olmayaraq Türkiyə administrasiyası ilə işləməyi səbirsizliklə gözləyir.

 

Qeyd edək ki, Türkiyədəki prezident seçkilərinin ikinci turu 28 may tarixində baş tutacaq.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR