“Rəsmi Bakı sülh müqaviləsinə yaxınlaşır, Moskva buradakı mövcudluğunu ...” - ŞƏRH

“Qərb və Rusiyanın danışıqlar prosesinə mövqeyi fərqlidir”.
Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündən danışarkən deyib.
O qeyd edib ki, ABŞ və Avropa İttifaqının regiondakı maraqları daha çox iqtisadi kontekslidir:
“Bu maraqların təmin olunması üçün bölgədə təhlükəsizlik təmin olunmalı, nəqliyyat-kommunikasiya xətləri açılmalıdır. Rusiya isə əksinə, regiondakı gərginlikdə maraqlıdır. Bölgədə “sular durularsa”, rəsmi Moskva buradakı mövcudluğunu təmin edə bilməyəcək. Daha rus sülhməramlılarının mövcudluğuna da ehtiyac qalmayacaq. Hazırda bizim üçün sərfəli variant Qərb platformalarıdır. Azərbaycanın bu formatlara daha səmimi yanaşması da təsadüfi deyil. Vaşinqton və Brüsseldə keçirilən görüşlərdə müəyyən nəticələr əldə olunur, müzakirələr maraqlarımıza uyğun baş tutur. Bu mənada, şübhəsiz ki, sözügedən formatlardan imtina etmək doğru olmaz”.
Ekspert bildirib ki, Avropa İttifaqının işinə mane olan əsas tərəf sözügedən qurumun sədri olan Fransadır:
“Rəsmi Paris reallıqları qəbul etmək istəmir. Fransa Prezidenti Emmanuel Makron məsələlərə obyektiv yox, subyektiv mövqedən yanaşır. Buna baxmayaraq, Azərbaycan öz işini görür. Kənar qüvvələrin sabotaj cəhdlərinə baxmayaraq, fikrimcə, proses davam edəcək. Rəsmi Bakının iradəsi və humanist mövqeyi nəticəsində biz tədricən sülh müqaviləsinə doğru gedirik. Ermənistan da Azərbaycanın bu yanaşmasına cavab verməlidir. Ermənistanın sülh gündəliyindən uzaqlaşmaq istiqamətindəki cəhdlərinə görə məsuliyyəti yalnız bu dövlət özü daşıyır”.
Günay Rəsulqızı