Türkiyədə seçkilər ikinci tura qalır – Prosedur necədir?

Türkiyədə prezident seçkilərininin ikinci tura qalacağı bildirilir.
Maraqlıdır, seçkilər ikinci tura qalarsa, proseslər hansı məcrada inkişaf edə bilər?
Sfera.az bildirir ki, Türkiyədə etibarlı səslər mütləq çoxluğa, yəni 50+1 faizə çatmazsa, seçki ikinci tura keçir.
2023-cü il seçkilərinin təqviminə görə, ikinci turda namizədlərdən birinin geri çəkilmə tələbi üçün 15 may saat 17:00-a qədər gözləmə olacaq. Toplanmış səslərə qarşı etiraz müddəti eyni tarixdə bitəcək və ən geci saat 23:59-a qədər dairə seçki komissiyaları qərarlarını açıqlayacaq.
Bundan sonra ikinci turda iştirak edəcək namizədlərin təbliğat-təşviqat dövrü mayın 27-si, saat 18:00-dək davam edəcək. Seçki isə 28 may tarixində keçiriləcək. Türkiyə xaricində yaşayan seçicilər isə 20-24 may arası səsvermədə iştirak edə biləcək.
Qeyd edək ki, Türkiyə Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı yeni rəqəmlərinə görə, “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 49,40 faiz səs toplayıb.
İkinci yerdə 44, 96 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu qərarlaşıb.
Əzizə Zeynal