Brüssel görüşünün əsas nəticələri – Bakı razıdır...

Brüssel görüşünün əsas nəticələri – Bakı razıdır...

“Mayın 14-də Brüsseldə keçirilən növbəti üçtərəfli danışıqlar rəsmi Bakının lehinə başa çatıb”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib. O, qeyd edib ki, son iki görüşdə həm ABŞ dövlət katibi Entoni Blinken, həm də Aİ rəhbəri Şarl Mişel Azərbaycanın tələblərini məqbul hesab edib:

 

“Bəyanatında “Keçmiş Dağlıq Qarabağ vilayəti” ifadəsindən istifadə edən Mişel separatçıların istəklərini gözlərində qoydu. Bununla da, Aİ rəhbəri Qarabağın Azərbaycanın daxilində inzibati ərazi vahidi olduğunu təsdiqləmiş oldu. Digər tərəfdən, Ermənistanın danışıqlarda Qarabağla bağlı əsas istəyi beynəlxalq təşkilat və ya aktorların Bakı-Xankəndi arasında təmaslarda iştirakını leqallaşdırmaqdır. Lakin danışıqlarda bir daha Azərbaycan prinsipiallıq nümayiş etdirərək bu tələbi rədd edib. Rəsmi Bakı öz ərazisindəki ermənilərlə dialoqda üçüncü tərəfə tribuna təqdim edilməsinə etiraz etmir, amma biz ATƏT-in Minsk qrupu təcrübəsini nəzərə alaraq, kiminsə danışıqlarda iştirakını kağızda həkk etməyəcəyik”.

 

Ekspert deyib ki, budəfəki danışıqlarda məhz rəqəmlərdən istifadə edilməsi Ermənistanın ərazi bütövlüyü ilə bağlı bugünə qədər apardığı manipulyasiyaya son qoyur:

 

“Qeyd edilir ki, Ermənistan Azərbaycanın 86.6 min kv km ərazini tanıyır. Beləcə, bizim üçün ən əsas iki məsələ ilə bağlı Paşinyan razılaşıb. O, Qarabağ ermənilərinin Azərbaycanın tərkibində hüquq və təhlükəsizliklərinə təminatı istəyir. Həmçinin, dünənki görüşdə Paşinyan 1975-ci ilin xəritəsinə uyğun olaraq sərhədlərin müəyyənləşməsi və dəqiqləşdirilməsində israr edib. Lakin rədd cavabı alıb. Bu ifadə qəbul olunmayıb. Fikrimcə, delimitasiya-demarkasiya məsələsi indiki halda o qədər də təcili mövzu deyil, bu, Ermənistanın daha çox narahat olduğu mövzudur.

 

Danışıqlarda Şarl Mişel Laçın yolu, Laçın rayonu və Azərbaycanın aprel ayında Laçın-Ermənistan sərhəddində keçid məntəqəsinin qoyması ilə bağlı məsələyə toxunmayıb. Bu onun göstəricisidir ki, separatçıların və Ermənistandakı bəzi dairələrinin ah-naləsinə baxmayaraq, beynəlxalq ictimaiyyət Azərbaycanın Laçın rayonunun girişinə keçid məntəqəsi qoymasını tam qanunauyğun sayır. Beləliklə, Brüsseldə bağlı qapılar arxasında Paşinyan Azərbaycanın şərtləri ilə razılaşıb, bu dəfə daha konkret nəticələr əldə edilib. Amma gözlənilən odur ki, Paşinyan daha bir müddət vaxtın uzadılması ilə məşğul olacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR