Lukaşenko paradı niyə tez tərk edib? – Qərb mətbuatı qolundakı sarğıdan yazdı

Belarus lideri Aleksandr Lukaşenkonun dünən Rusiyada keçirilən Qələbə paradından tez getməsi və əlindəki sarğı bu gün Qərb mediasında müzakirələrə səbəb olub.
Sfera.az bildirir ki, Böyük Britaniyanın “Dailymail” qəzeti Belarus liderinin Qızıl Meydandakı mərasim zamanı yeriməkdə çətinlik çəkdiyini və əklil qoyma mərasimi zamanı zorla hərəkət etdiyini yazıb. Amerikanın “Newsweek” jurnalı isə Lukaşenkonun əlindəki sarğıya diqqət çəkərək liderin onun üçün nəzərdə tutulmuş maşınla dərhal hava limanına getdiyini və ölkəsinə qayıtdığını yazıb.
Belaruslu politoloq Dmitri Bolkunets Telegram-da verdiyi açıqlamada Lukaşenkonun səhhətindəki problemlərə görə liderlərin naharına qatıla bilmədiyini və ölkəsinə qayıtdığını bildirib. Lukaşenkonun səhhəti ilə bağlı narahatlıqlar əslində yeni deyil. 68 yaşlı prezidentə yaxın mənbələr Lukaşenkonun ağrıkəsicilərlə yaşamasına səbəb olan onurğa probleminin olduğunu ehtimal edir.
Liderin Qərbin sanksiyaları səbəbindən bir müddət əməliyyat etdirə bilmədiyi üçün insult keçirmə riskinin olduğu bildirilir.
Əzizə