“Putinin aşbazı” HƏDƏFDƏ: Sui-qəsd təşkil oluna bilər

“Putinin aşbazı” HƏDƏFDƏ: Sui-qəsd təşkil oluna bilər

“Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin Ukrayna Silahlı Qüvvələrinin əks-hücuma hazırlaşdığını deyib. Onun sözlərinə görə, Ukrayna ordusu artıq Baxmut istiqamətində cinahları yarır.

 

Bununla bağlı Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Priqojinin Ukraynanın ehtimal edilən əks-hücum əməliyyatları ilə bağlı məhz indi danışması diqqət çəkir:

 

“Niyə o, indiyədək bu barədə bir söz deməmişdi? Axı rəsmi Kiyev xeyli vaxtdır, əks- hücum əməliyyatlarının anonsunu verir. Görünür, "Vaqner" rəhbəri səsləndirdiyi bu fikirlərlə həm də Rusiya Müdafiə Nazirliyini hədəf alıb. O, növbəti dəfə müdafiə naziri Sergey Şoyqunun və onun komandasının səriştəsizliyini göstərmək istəyib. Ukrayna Silahlı Qüvvələrinin Baxmutda əks -hücum əməliyyatlarına başlaması tamamilə realdır. Hətta, bəlkə də artıq prosesə start verilib. Ancaq Priqojinin açıqlamasının həm də təbliğat xarakterli olması qətiyyən istisna deyil”.

 

Ekspert bildirib ki, yaxın vaxtlarda Ukrayna Baxmutda irəliləyişə nail olacaq:

 

“Bu isə məhz Rusiya Müdafiə Nazirliyi ilə "Vaqner" arasındakı gərginlik fonunda baş verəcək. Tərəflər arasında ziddiyət artıqca Ukrayna bundan istifadə edəcək.  Gələcəkdə Priqojinin "səhnədən çıxarılması", o cümlədən ona qarşı sui-qəsd mümkündür”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR