Sfera.az yazdı, Mədəniyyət Nazirliyi hərəkətə keçdi: \"Zindan qalası\"nda abadlıq işləri aparılır

Sfera.az yazdı, Mədəniyyət Nazirliyi hərəkətə keçdi: \

Bir neçə ay bundan əvvəl Sfera.az saytı Lənkəran rayonunda, Sütəmurdov körpüsü yaxınlığında yerləşən tarixi Dairəvi qala ilə bağlı həyəcan təbili çalmışdı. Qeyd olunmuşdu ki, Stalinin dustaq saxlanıldığı “Zindan qalası” qəzalı vəziyyətdədir. Məsələ qaldırılandan az sonra Mədəniyyət Nazirliyi hərəkətə keçib.

 

Sfera.az bildirir ki, bu barədə nazirlik özü məlumat yayıb.

 

Qeyd olunub ki, hal-hazırda qədim qalanın ətrafında və içərisində təmizlik, abadlıq işləri görülür, qalanın mühafizəsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Nazirliyin bu addımı isə tarixi-mədəni irsimizin qorunmasında atılan mühüm addımlardan biridir. Bu baxımdan, qurumun dərhal hərəkətə keçməsi təqdirəlayiq haldır.

 

Xatırladaq ki, Lənkəran Dairəvi Qalası (Zindan qala) 1747-1786-cı illərdə inşa edilib. XX əsrin əvvəllərində İosif Stalin də poçt qatarına silahlı qarətin təşkilinə görə həbs ediləndə məhz bu həbsxanada saxlanılıb. Sovet işğalından sonra da 1956-cı ilə qədər qaladan həbsxana kimi istifadə edilib. Məhz buna görə qalaya “Zindan qalası” da deyilir. 1970-1990-cı illər arasında qalada tikiş sexi yerləşib. 2015-ci ilin fevral ayında güclü qar nəticəsində qalanın dam örtüyünün müəyyən hissəsi dağıldığından tarixi abidə qəzalı vəziyyətə düşüb. Onun yenidən bərpası Mədəniyyət Nazirliyində 2020-2023-cü illərdə dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına icrası nəzərdə tutulan layihələrin siyahısına daxil edilib.

 

Qeyd edək ki, Mədəniyyət Nazirli yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən ölkə ərazisində yerləşən tarix-mədəniyyət abidələrində monitorinq aparılır, onların faktiki durumu, texniki vəziyyəti öyrənilir. Aparılan monitorinq tədbirlərindən sonra abidələrin qorunması işinin gücləndirilməsi, bərpa və konservasiya tədbirləri ilə bağlı müvafiq tədbirlər gerçəkləşdiriləcək. 

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR