Putin Kremlə hücumu özü təşkil edib – qsədi nədir?

Putin Kremlə hücumu özü təşkil edib – Məqsədi nədir?

Bir neçə gündür, dünya mediasında əsas müzakirə mövzularından biri Kremlə dron hücumudur. Bir sıra analitiklər iddia edir ki, bu, daxildə hazırlanmış plandır və Putinin tam səfərbərliyə haqq qazandırması üçün atılan addımdır.

 

Qərb analitiklərinin fikrincə, Kreml mayın 9-da SSRİ-nin faşizm üzərində Qələbə Gününü qeyd etməmək və ya lokal miqyasda keçirmək niyyətindədir. Bu səbəbdən, daxili auditoriyanın indidən buna hazırlanmasına başlanıldığı ehtimal edilir.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki,  hadisədə diqqət çəkən əsas məqamlardan biri hücumun Ukrayna prezidenti Volodimir Zelenskinin səfərdə olduğu vaxt baş verməsidir:

 

“Maraqlıdır ki, hücum nəticəsində itki olmayıb. Bu, kifayət qədər ciddi məqamdır. Rusiya tərəfinin iddia etdiyi kimi Ukrayna Putini öldürmək istəyibsə, deməli, kifayət qədər dəqiq zərbələr endirməli idi. Elə isə necə olub ki, kimsə ölməyib? Başqa bir məqam ondan ibarətdir ki, Kremlə hücumun səhəri günü Ukrayna kütləvi raket hücumuna məruz qalıb. Nəticədə 23 nəfər həlak olub. İstisna deyil ki, Rusiya gələcək hücumları üçün Kremlə hücum kartından istifadə edəcək. Genişmiqyaslı hücumların gələcəkdə də təkrarlanması mümkündür”.

 

Müsahibimiz bildirib ki, Rusiya siyasi hakimiyyəti indi həm də psixoloji təzyiq altındadır:

 

“Qərb dövlətləri və təşkilatları artıq Rusiya Prezidenti Vladimir Putini terrorçu kimi tanıyır. Belə olan halda Rusiya göstərmək istəyir ki, Ukrayna da müharibə qaydalarını pozur. Fikrimcə, Kremlə hücumlarda ABŞ-nin əlinin olması daha ağlabatandır, nəinki Ukraynanın. Məqsəd isə müharibəni daha da genişləndirmək, danışıqlar və sülh ehtimalını sıfıra endirməkdir. Yaxın zamanda müharibənin daha geniş fazaya daxil olması ehtimalı var”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR