Rusiya daxilində narazılıq artır: “Putin bu şəxsləri istefaya göndərəcək”

Rusiya daxilində narazılıq artır: “Putin bu şəxsləri istefaya göndərəcək”

“Rusiya ordusunda silah-sursat çatışmazlığı var”.

 

Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən məlumat yayıb. Qeyd olunub ki, bu, daxildə xaosa səbəb ola və Rusiya Müdafiə Nazirliyi ilə “Vaqner” muzdlu hərbi təşkilatı arasında gərginliyi alovlandıra bilər.

 

Mövzu ilə bağlı Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Rusiya Müdafiə Nazirliyi ilə “Vaqner” muzdlu hərbi təşkilatı arasında ziddiyyətin olması çoxdan məlum idi:

 

“Görünür, Rusiya bir çox istiqamətlərdə, o cümlədən Donetskdə dalana dirəndikcə, bu ziddiyyət daha da dərinləşir, tərəflər bir-birilərini ittiham edirlər. Əlbəttə, silah çatışmazlığı bu gərginliyi daha da artıracaq. Ümumiyyətlə, Rusiya uğursuzluğa düçar olduqca onun  həm siyasi, həm də hərbi elitasında xaos yaranacaq, narazılıq güclənəcək. Sözügedən gərginlik artıq nəinki hərbi elita daxilində, həm də siyasi və hərbi çevrələrdə müşahidə olunur. Yəqin ki, bu ziddiyət gələcəkdə daha da artacaq”.

 

Müsahibimiz bildirib ki, uğursuzluğa düçar olan hərbçilər artıq Putinin ambisiyaları naminə döyüşdüklərinin fərqindədirlər:

 

“Bu isə hərbçilərdə siyasi hakimiyyətə qarşı narazılığı artırır. Onların yaxın gələcəkdə ayağa qalxacağını, mövcud siyasi iradə əleyhinə etirazlar edəcəyini düşünmürəm. Amma proses ona doğru gedir. Həmin vaxtadək isə hərbi sistemdəki bəzi səlahiyyətli şəxslər istefaya göndərilə bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR