“Moskva çalışacaq ki, prosesi pozsun” - Açıqlama

“Moskva çalışacaq ki, prosesi pozsun” - Açıqlama

“Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Moskvada da görüşü gözlənilir”.

 

Bu barədə Ermənistan parlamentinin Avropaya inteqrasiya məsələləri üzrə komissiyasının sədri Arman Yeqoyan dünən keçirilən brifinqdə məlumat verib.

 

“Bununla bağlı ilkin razılıq var”, - o söyləyib.

 

Mövzu ilə bağlı Sfera.az-a danışan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə ABŞ-nin dövlət katibi Entoni Blinken arasında keçirilən görüşlərdə müəyyən razılaşmaların olduğu bildirilir:

 

“Bu görüşdən dərhal sonra Ermənistan parlamentinin Avropaya inteqrasiya məsələləri üzrə komissiyasının sədri Arman Yeqoyanın nazirlərin Moskvada da bir araya gələ bilmə ehtimalından söz açması təsadüfi deyil. Çünki bir neçə həftə əvvəl Rusiya Xarici işlər nazirinin sözçüsü Mariya Zaxarova da belə bir açıqlama vermişdi. Həmin çıxışda bildirilmişdi ki, Moskva Azərbaycan və Ermənistanın XİN rəhbərləri arasında görüşün keçirilməsinə təşkilatçılıq etməyə hazırdır və bu barədə ilkin razılıq var. Görünən odur ki, Rusiya Vaşinqtonun iştirakı ilə baş tutan görüşdən sonra təşəbbüsü əldən vermək istəmir”.

 

Müsahibimiz bildirib ki, Rusiyanın cəhdlərinin səbəbi bəllidir:

 

“Bu qədər canfəşanlıq etmələri bölgədə nüfuzlarının qorunması ilə birbaşa əlaqəlidir. Amma önəmli məsələ odur ki, artıq Azərbaycan və Ermənistan XİN rəhbərləri Vaşinqtonda müəyyən razılaşmaların üzərində müzakirələr apara bilirlər. Moskva və ya Vaşinqton olmasından asılı olmayaraq, əsas olan budur ki, yekun nəticə əldə edilsin. Əlbəttə, Moskva çalışacaq ki, Vaşinqton görüşündəki bütün detalları öyrənsin. Bunu nə qədər bacaracaq və ya bacarmayacaq, bu, artıq başqa mövzudur. Lakin  Moskva görüşü Vaşinqtona qarşı atılan addım kimi dəyərləndirilə bilər. Bu baxımdan fikrimcə, Rusiyada mümkün qədər danışıqlar prosesinin pozulmasına çalışacaqlar. Çünki onlara danışıqların normal, qaydasında və inkişaf xətti üzrə davam etməsi uyğun deyil. Belə olan halda, biz Moskva görüşündən müsbət mənada ciddi irəliləyiş gözləyə bilmərik”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR