İran bu ölkələrlə gizli danışıqlar aparır
İran ballistik raketlərini yanacaqla təmin etmək üçün Rusiya və Çinlə gizli danışıqlar aparır.
Sfera.az bildirir ki, bu barədə “Politico” diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, Tehran, Moskva və Pekin razılığa gəlsələr, bu, BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarının birbaşa pozulması olacaq.
Mənbələrin sözlərinə görə, bunun müqabilində İran Moskvaya raket ehtiyatını artıra bilər. Nəşr bildirib ki, İran hakimiyyəti Rusiyanın dövlət kimya istehsalçısı “FKP Anozit” şirkətinin nümayəndələri ilə danışıqlar aparıb.
“Pekində sözügedən danışıqları Tehranın Çində “texnologiyalar üzrə məsləhətçisi” kimi fəaliyyət göstərən iranlı diplomat Səccad Əhədzadə aparıb”, nəşr qeyd edib.
“Politico” xatırladıb ki, BMT-nin 2015-ci ildə qəbul etdiyi 2231 saylı qətnaməsinə əsasən, ölkələrin BMT Təhlükəsizlik Şurasının təsdiqi olmadan İrana ammonium perklorat tədarükü qadağan edilib.
İranın almaq istədiyi yanacağın dəqiq miqdarı isə bəlli deyil. Diplomatların fikrincə, bu rəqəm minlərlə raketin, o cümlədən 700 km mənzilli “Zolfaghar” raketlərinin yaradılması üçün kifayət edəcək: “Razılaşma əldə olunarsa, raketlərdən bəziləri Ukraynaya qarşı istifadə ediləcək. Pekin İrana yanacaq tədarük etməklə savaşda Moskvaya pərdə arxasında kömək etmiş olacaq. Buna görə Çinin BMT-nin sanksiyalarını pozması mümkündür”.
Qeyd edək ki, daha əvvəl “The Wall Street Journal” Rusiyanın rəqəmsal texnologiya, müşahidə və fotoqrafiya avadanlıqları, dinləmə cihazları və yalan detektorları sahəsində İrana kömək etdiyini yazmışdı. 2022-ci ilin oktyabrında isə İranın öz raket sistemlərini Rusiyaya təhvil verməyə hazırlaşdığı barədə məlumatlar yayılmış, lakin onların döyüş meydanında istifadəsi qeydə alınmamışdı.
Türkan