Milyarderlər öz şəhərlərini salmaq üçün hərəkətə keçdilər – Utopiya reallığa çevrilir?

Milyarderlər öz şəhərlərini salmaq üçün hərəkətə keçdilər – Utopiya reallığa çevrilir?

İlon Maskın öz şəhərini salmaqla bağlı planlarından tez-tez bəhs edilir. Ancaq Mask bu xəyalın arxasınca gedən tək insan deyil. Daha bir neçə milyarderin öz utopiyasını reallaşdırmaqla bağlı xəyalları var. 


Milyarderlər illər ərzində öz utopik şəhərlərini qurmaq üçün milyonlarla dollar xərcləyiblər. Bu şəhərlərin nə vaxt tamamlanacağı və ya layihələrin tam reallaşacağı müəmmalı olsa da, son vaxtlar bəzi iri iş adamlarının belə sahələrə sərmayə qoyması diqqət çəkir. Bəziləri şəxsi fəlsəfələri ətrafında tamamilə yeni icmalar qurmaq istəyir, bəziləri üçün isə bu, sadəcə olaraq daşınmaz əmlak oyunudur. Şirkətlərinin yerləşdiyi şəhərlərdə hökmranlıq etmək planları quranlar da var. 


“The Wall Street Journal”ın son hesabatına görə, İlon Mask “SpaceX” və “The Boring Company” işçilərinin yerləşməsi və işləməsi üçün öz şəhərciyini qurmağı planlaşdırır. Qəzet yazıb ki, Mask və tərəfdaşları Texas ştatının Ostin şəhərindən kənarda təxminən 3500 hektar ərazi alıblar. “SpaceX” və “The Boring Company” obyektlərinə yaxınlıqda yerləşəcək "Snailbrook" adlı şəhərin görünüşü "Kolorado çayı boyunca bir növ Texas utopiyası" kimi təsvir edilir. Prefabrik evlərlə yanaşı, şəhərdə hovuz, açıq idman zalı və kiçik məktəb də olacaq.


Lakin bu, Maskın ilk şəhər xəyalı deyil. 2021-ci ildə milyarder, Texas ştatının Boka Çika şəhərində "Starbase" ("Ulduz bazası") adlı şəhər qurmağı planlaşdırdığını açıqlamışdı. Bu təşəbbüslər, çox güman ki, Maskın işçilərinin yüksək yaşayış xərclərini həll etmək səyləri ilə əlaqədardır. Lakin hər iki yerə yaxın olan teksaslılar milyarderin səylərinə qarşı çıxırlar. Boka Çikada yerli sakinlər raket sınaqlarının ictimai çimərliklərin davamlı bağlanmasına səbəb olduğunu və vəhşi təbiətə mənfi təsir göstərdiyini iddia edərək “SpaceX”i məhkəməyə verdilər.


Ancaq təbii ki, Maskın Marsda özünü təmin edən bir şəhər qurmaq planı da var. O, ilk dəfə 2014-cü ildə Mars metropolisinin tikintisi ideyasını dilə gətirmişdi. O vaxtdan bu məsələ gündəmdədir. Keçən il "Marsın xüsusilə başlanğıcda lüks olmayacağını vurğulamaq çox vacibdir" deyən iş adamı orada yaxın onilliklərdə özünü təmin edən şəhər qurmağı planlaşdırır. Bununla belə, Mask deyir ki, o, arzusu tam həyata keçmədən artıq öləcəyini proqnozlaşdırıb. Çünki hələlik “SpaceX”in Ulduz gəmisi Marsa bir yana, Aya belə enməyib. 


Dediyimiz kimi, Mask şəhər xəyalı quran yeganə milyarder deyil. Öz utopiyalarını yaratmaq planlarını dilə gətirən Piter Til kimi Silikon Vadisi elitalarından tutmuş, mövcud şəhərlərin canlandırılmasına fokuslanmış Den Qilbert və Kevin Plank kimi sahibkarlara qədər illərdir dünyanın ən güclü insanları öz icmasını yaratmağa çalışır.


“Walmart”ın keçmiş baş direktoru Mark Lore 2021-ci ildə “Telosa” adlı futuristik utopiya qurmağı planlaşdırdığını açıqladı. Telosa adı qədim yunan sözündən gəlir, mənası "ən yüksək məqsəd" deməkdir. Lore 2030-cu ilə qədər təxminən 50 000 insanın yuva olaraq adlandıra biləcəyi, ədalətin hökm sürdüyü bir utopiya qurmaq istədiyini söylədi. Lore şəhərin bərabərlik və kapitalizmin qarışığı kimi görünən sistemlə idarə ediləcəyini dedi. Telosanın səhrada tikiləcəyini vurğulayan Lore onun dəqiq yerini açıqlamayıb. Şəhər öz vətəndaşlarına təhsil, səhiyyə və nəqliyyatdan bərabər istifadə imkanı təqdim edəcək. “Telosa”nın saytına görə, sakinlər avtonom nəqliyyat vasitələri ilə səyahət edəcəklər və şəhər bərpa olunan enerji ilə işləyəcək. Sayt bu təşəbbüsün təxminən 400 milyard dollara başa gələcəyini və vətəndaşların müraciət prosesi ilə seçiləcəyini proqnozlaşdırır. Lorenin futuristik şəhər planlarının bu gün necə davam etdiyi bəlli deyil.


Vençur kapitalisti Piter Til də utopik bir şəhər planına sahib idi. 2008-ci ildə Piter mövcud dövlətlərdən asılı olmayacaq, kiçik, özünü təmin edən bir ada kimi fəaliyyət göstərəcək “Seastead” (“Dəniz zolağı”) adlı üzən şəhər missiyasına başladı. Milyarder investor şəhərin azadlığın və istənilən qaydadan qaçmağın mümkün olduğu bir yer olduğunu söylədi. 2008-ci ildə “Google” proqram mühəndisi Petri Fridman ilə birlikdə “Seasteading İnstitutu”nu qurdu. Qrup Fransız Polineziyası sahillərində adalar zəncirinin qurulması istiqamətində addımlar atdı və ölkə ilə ilk sövdələşməni etdi. Lakin hökumət 2008-ci ildə “Seasteading İnstitutu” ilə müqavilənin etibarsız olduğunu açıqladı. Piter 2011-ci ildə institutun direktorlar şurasını tərk etdi, lakin utopik şəhərin vebsaytına əsasən, onun ideyası dəstəklənməyə davam edir.

 

Səudiyyə Ərəbistanında vəliəhd şahzadə Məhəmməd ibn Salman “Neom” adlı şəhər tikir. Hakimiyyət orqanlarına Misir piramidaları miqyasında şəhər yaratmaq tapşırılıb. Şəhərin texnologiyada Silikon Vadisini, əyləncədə Hollivudu və istirahət məkanı kimi Fransız Rivierasını əvəz etməsi planlaşdırılır. Qırmızı dəniz sahilində, İordaniya və Misir sərhəddində 26 min 500 kvadrat kilometr sahədə inşa edilməsi planlaşdırılan şəhər 2017-ci ildən bəri üzərində işlənən bir layihədir. “Wall Street Journal”ın 2019-cu ildə verdiyi xəbərə görə, şəhərin planlarına süni yağış, saxta Ay, robot qulluqçular, robot dinozavrlar, qaranlıqda parıldayan çimərlik və holoqrafik müəllimlər daxildir. “Neom” yüksək sürətli qatar, idman stadionu və marina da daxil olmaqla, yaşayış obyektlərinin yerləşəcəyi iki paralel göydələndən ibarət “The Line”da yaşayacaq milyonlarla insanın dincəlməsi üçün nəzərdə tutulub.


Bill Qeyts 2017-ci ildə Arizonada ağıllı şəhər planına təxminən 80 milyon dollar sərmayə qoyub. “AZ Central”ın məlumatına görə, Qeytsin investisiya firmasının törəmə şirkəti Arizona ştatının cənub-qərbində yaşayış, dövlət məktəbləri, ofis və ticarət sahələrinin tikintisi üçün 24,800 hektar torpaq sahəsi alıb. Planda 80 000 mənzil inşa edilməsi, 3 800 hektarın sənaye, ofis və ticarət sahəsi, 3 400 hektarın açıq sahə və 470 hektarın dövlət məktəbləri üçün ayrılması var idi. Şəhərin “Belmont” adını alacağı bildirilirdi. Mülkün sahibi “Belmont Partners” deyirdi ki, şəhər yüksək sürətli şəbəkələr, məlumat mərkəzləri, avtonom avtomobillər, yeni istehsal texnologiyaları və avtomatlaşdırılmış logistika mərkəzlərini əhatə edəcək şəkildə layihələndiriləcək. Lakin 2017-ci ildən bəri hər hansı bir irəliləyiş olub-olmadığı bəlli deyil.


“Oracle”ın həmtəsisçisi Larri Ellison 2012-ci ildə Havaydakı Lanai adasının 98 faizini təxminən 300 milyon dollara satın alıb. Daha  sonra o, adada bir şəbəkə restoranı açıb, sağlamlıq mərkəzi olan bir kurort yaradıb və oradakı mövcud otelləri təmir etdirib. O vaxtdan bəri, təxminən 3 000 insanın yaşadığı ada Tom Kruz, Sindi Krouford və Uill Smit də daxil olmaqla, ultra zənginlərin tətil məkanına çevrilib. Ellisonun özü isə 2020-ci ildə adaya köçüb. Bəs dünyanın ən zəngin adamlarından olan Ellison "Ananas adası" kimi tanınan Lanaidə nə edəcək? O, Lanaini "yer üzündəki cənnət" kimi görən əvvəlki sahiblərindən fərqli olaraq, "iqtisadi cəhətdən özünü təmin edən ilk 100 faiz yaşıl yaşayış sahəsi" etmək istəyir. 

 

Məşhur alt paltarı brendinin sahibi Lesli Veksner xəyallarını gerçəkləşdirənlərdən biridir. Veksner bir vaxtlar Ohayo ştatının paytaxtı olan Kolumbun kənarında yerləşən kiçik bir yer olan Nyu Olbanini dünyanın ən məşhur ünvanlarından birinə çevirib. O, 1980-ci illərin sonlarında kottec tikmək üçün yer axtararkən Nyu Olbaniyə gəlib çıxır. Özü üçün kifayət qədər torpaq almaqla işə başlayan Veksner ətrafındakı 10 min hektar ərazini satın alaraq bütün qəsəbənin sahibi olur. Milyarder şənbə səhərlərini hər şeyin orijinal vizyona sadiq qaldığından əmin olmaq üçün ətrafda gəzərək keçirir. Bu gün Nyu Olbaninin təxminən 11 000 əhalisi var və hər ailənin orta gəliri 200 000 dollardan çoxdur. Bu rəqəm ABŞ-ın orta göstəricisindən təxminən üç dəfə yüksəkdir.

 

Dallasdan cənubda, ştatlararası magistral yolun yaxınlığında yerləşən 77 hektarlıq ərazi. Bura Mustanqdır - əhalisi olmayan və vaxtın unutduğu qəsəbə. Amma milyarder Mark Kyuban bu kiçik qəsəbəni təxminən 2 milyon dollara alıb. Məqsədi bu xəyal şəhərini həyat yoldaşına vəsiyyət etmək istəməyən ölməkdə olan dostu Marti Praysa yaxşılıq etmək idi. Prays cütlüyü burada kurort və musiqi məkanı da daxil olmaqla bəzi yeniliklər etmək istəyirdi. Ancaq heç nə etmək mümkün olmadı. Praysa leykozun aqressiv forması diaqnozu qoyuldu. O, həyat yoldaşını və üç yetkin uşağını bir qəsəbəyə sahib olmaq yükü ilə tərk etməkdən narahat idi. Satış onun ölümündən 3 ay sonra baş tutdu. 2021-ci ildə verdiyi müsahibəyə görə, Kyubanın özü də bu qəsəbə ilə nə edəcəyini bilmir.

 

İtalyan dizayneri Brunello Cucinelli özünün eyniadlı şirkətinin yerləşdiyi Solomeo şəhərini bərpa edərək, onu işçiləri üçün bir növ şirkət şəhərciyinə çevirdi. 1987-ci ildə Brunello onu satın alanda şəhər yarı tərk edilmiş vəziyyətdə idi. O, müsahibəsində memarlığın “maddi məqsədə xidmət etməklə yanaşı yüksək mənaları simvolizə etməli olduğuna” inandığını ifadə etmişdi. Bu gün Solomeonun açıq səma altında teatrı, kitabxanası və 18-ci əsrə aid kilsəsi var. Brunello şəhərdəki bir neçə sənaye binasını sökdükdən və ərazidə zeytun ağacları, çiçəklər və buğda əkdikdən sonra Solomeonun mənzərəsi yaşıllaşıb.

 

Lalə

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölk...

"Qarabağ" "Neftçi"ni darmadağın etdi - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

“Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb

Addams ailəsi, əsasən də onların qızı haqqında Tim Burtonun “Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb. Video “Netflix&r...

Xalq artistləri Leyla və Arzu Əliyeva ilə bir arada - FOTOLAR

Xalq artisti Murad Adıgözəlzadə sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyasının di...

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...

SOCAR BP ilə memorandum imzaladı

Bu gün Bakıda BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ) arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə ...