"İran təhrik edir, Ermənistan Azərbaycanla müharibəyə hazırlaşır" - AÇIQLAMA

Ermənistanda ehtiyatda olan hərbçilər təlim-məşq toplanışına çağırılıb. Bu barədə hökumətin dünən keçirilən iclasında qərar qəbul olunub. Təlim-məşq toplanışında 2431 sıravi və kiçik rütbəli zabit, 124 rütbəli zabit, 160 çavuş iştirak edəcək. Təlimlər mayın 1-dən iyulun 7-dək keçiriləcək. 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, son zamanlar Ermənistan yenidən təxribatlarını intensivləşdirib:

 

“Xüsusilə İran və Hindistanla əməkdaşlıq Ermənistanın yeni müharibəyə hazırlaşdığına dair ehtimalları artırır. Bir çox ekspertin fikrincə, Tehran İrəvanı Bakı ilə toqquşmaya təhrik edir.  Ermənistan rəsmilərinin, o cümlədən Baş nazir Nikol Paşinyanın səsləndirdiyi ittihamlar da bu dövlətin müharibəyə hazırlaşdığına dair ehtimalları artırır. Lakin təlimlərin ehtimal edilən savaşla bağlı olduğunu düşünmürəm.  Bu cür təlimlər intensiv olaraq bir çox ölkələrdə, o cümlədən də Ermənistanda keçirilir. Ola bilsin, hazırlıqlar sadəcə yoxlama xarakterlidir və formal xarakter daşıyır. Bu mənada ehtiyatda olanların təlimə cəlb olunmasını ancaq müharibəyə hazırlıq kimi qiymətləndirmək doğru olmaz”.

 

Müsahibimiz bildirib ki, Ermənistan hərbi-siyasi rəhbərliyi qonşu dövlətlərə hansısa mesaj vermək niyyətindədir:

 

“Lakin Ermənistan ehtiyatda olan hərbçiləri təlimə cəlb etməklə heç bir qonşusunu, eləcə də Azərbaycanı qorxuda bilməz. Buna baxmayaraq, Ermənistanın təxribatlarını intensivləşdirməsi, sülh müqaviləsindən yayınmaq üçün yeni provokasiyalar həyata keçirməsi mümkündür”.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR