Pentaqon TƏŞVİŞDƏ: Ukrayna ilə bağlı planlar sızdırıldı – Sənəddə nələr var?

ABŞ və NATO-nun Ukrayna ilə bağlı planları sosial mediaya sızıb.
Sfera.az bildirir ki, bu barədə “The New York Times” məlumat yayıb. Nəşr Bayden administrasiyasının yüksək rütbəli rəsmilərinə istinadən qeyd edib ki, sözügedən sənədlərdə Rusiyaya qarşı planlaşdırılan hücumdan əvvəl Ukrayna ordusunu qurmaq üçün nəzərdə tutulan məxfi məlumatlar əks olunub.
Hazırda Pentaqon “Twitter” və “Telegram” platformasında ortaya çıxan sənədlərin sızmasının arxasında kimin dayandığını araşdırır. Hərbi analitiklər bildiriblər ki, sənədlər orijinal formatından fərqlidir, yəni burada ABŞ-nin müharibədə ölən ukraynalılarla bağlı təxminləri şişirdilib və Rusiya Federasiyasının itkiləri az göstərilib.
Analitiklərin fikrincə, dəyişikliklər Moskvanın dezinformasiya cəhdinə işarədir: “Lakin gözlənilən silah tədarükü, qoşun və batalyonların say tərkibi və digər planların foto və qrafiklər şəklində əks olunduğu sənədlər Amerika kəşfiyyatının önəmli məlumatlarından ola bilər”.
Nəşrin məlumatına əsasən, Vaşinqton rəsmiləri sızdırılan sənədləri silməyə çalışsalar da, buna müvəffəq ola bilməyiblər. “Sosial mediada yayılanlardan xəbərdarıq və məsələ nəzərdən keçirilir”, - deyə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq deyib. Sənədlərdə Ukraynanın nə vaxt və harada hücuma başlamaq niyyəti ilə bağlı planlar göstərilmir, lakin amerikalı rəsmilərin dediyinə görə, bu, yaxın bir ay ərzində baş verəcək. Sənədlərdə həmçinin, HIMARS-a xərclənən vəsaitin həcmi qeyd olunub. Yaxud yanvar-aprel ayları üçün Ukrayna hərbi hissələrinə silah tədarükü qrafiki verilib.
“Bu sənədlərin həqiqi olub-olmamasından asılı olmayaraq, insanlar Rusiya mənbələrinin yaydığı hər şeyə diqqət yetirməlidirlər”, deyə analitik Maykl Kofman deyib. Sənəddə eyni zamanda, yaradılan 12 döyüş briqadası haqqında qısa məlumat var, onlardan 9-u ABŞ və digər NATO müttəfiqləri tərəfindən təlim keçib və təchiz olunub: “Həmin doqquz briqadadan altısının martın 31-də, qalanlarının isə aprelin 30-da hazır olacağı deyilirdi. Onlar üçün lazım olan ümumi texnika 250-dən çox tank və 350-dən çox mexanikləşdirilmiş maşındır”.
Nəşr qeyd edib ki, sözügedən sızma prosesi Rusiya kəşfiyyatının müharibə başlayandan bəri ictimaiyyətə açıq halda olan ilk məlumatı hesab edilir.
Günay Rəsulqızı