“Əmanətlərdə azalma davamlı olmayacaq” – Millət vəkili

“Əmanətlərdə azalma davamlı olmayacaq” – Millət vəkili

Azərbaycanda əmanət faizlərindən vergi tutulmasına başlanılması əmanətlərin həcminə mənfi təsir edib. 


Sfera.az xəbər verir ki, 2023-cü ilin fevralın 1-dən faiz gəlirlərindən vergi tutulması bərpa olunub. Qaydalara əsasən, faiz gəlirlərinin 10 faizi vergi şəklində dövlət büdcəsinə köçürüləcək, əmanət sahibinə isə gəlirin 90 faizi çatacaq. 


Mərkəzi Bankın açıqladığı statistik məlumatlardan görünür ki, fevralda əmanətlərin həcmi azalıb. 2023-cü ilin yanvarın sonunda əmanətlərin dəyəri 11,928 milyard manat olduğu halda fevralın sonunda 11,901 milyard manata geriləyib. Əmanətlərin həcmində 27 milyon manat və ya 0,23 faiz azalma qeydə alınıb. 


Əmanətlərdəki azalma daha çox xarici valyutada baş verib. Milli valyutada olan əmanətlər 1 milyon manat azaldığı halda, xarici valyutada olan əmanətlərdə azalma 26 milyon manat olub. 


Digər bir məlumata əsasən, əmanətlərdə daha çox azalma Azərbaycan vətəndaşlarının vəsaitində qeydə alınıb. Vətəndaşlarımızın vəsaitində 20 milyon manat, əcnəbilərin vəsaitində 7 milyon manat azalma baş verib. 


Əmanətlərin azalması faktını şərh edən millət vəkili, iqtisadçı Vüqar Bayramov qeyd edib ki, belə bir hala sonuncu dəfə 2021-ci ilin avqust ayında rast gəlinib. 


Millət vəkili hesab edir ki, azalmanın yeganə səbəbi məhz faiz gəlirlərindən vergilərin tutulmasıdır: “Vergilərin tətbiqi ilə əlaqədar əmanət faizlərində artım gözlənilirdi. Lakin hissediləcək artımlar olmadığı üçün müddəti başa çatmış bəzi əmanətlərin müqavilə müddəti uzadılmadı və geri götürüldü. Monitorinqlərə görə, bu daha çox fevral ayının ilk yarısına təsadüf edib. Daha sonra prosesin stabilləşməsi müşahidə olunub”.


V.Bayramov hesab edir ki, növbəti aylarda əmanət həcmlərindəki artım tempi yenidən bərpa ediləcək: “Bununla yanaşı, əmanət həcmlərindəki azalmalar bir daha təsdiq edir ki, bank sektorunda iştirakçılar ilə birbaşa kommunikasiyanın daha da gücləndirilməsi vacibdir. Bu işin yalnız Mərkəzi Bank tərəfindən deyil, eyni zamanda ayrı-ayrılıqda hər bir bank tərəfindən həyata keçirilməsinə ehtiyac var”.


Vasif
 


OXŞAR XƏBƏRLƏR