“Nestle” bakteriyalı pizzaları ilə 2 uşağın ölümünə səbəb olan fabrikini bağladı - FOTOLAR

“Nestle” bakteriyalı pizzaları ilə 2 uşağın ölümünə səbəb olan fabrikini bağladı - FOTOLAR

Ötən il Fransada tərkibində “E.coli” olduğu üçün 48-i uşaq olmaqla 56 nəfərə bakteriya yoluxmasına, 2 uşağın ölümünə səbəb olan “Nestle”nin “Buitoni” markalı pizzalarının dondurulduğu fabrik bağlanıb. 


Sfera.az bildirir ki, “Le Figaro”nun yazdığına görə, Fransanın Kodri şəhərindəki fabrik mart ayının əvvəlindən fəaliyyətini tamamilə dayandırıb.


“Nestle” qrupuna məxsus “Buitoni” brendinin “Fraich'Up” dondurulmuş pizzaları tərkibində "E.coli" bakteriyası olduğuna görə 18 mart 2022-ci ildə geri çağırılmışdı. 

 

Mətbuat pizzadan yeyən 75 nəfərin bakteriyaya yoluxduğunu yazırdı.

 
Fransa Xalq Sağlamlığı Agentliyi 8 aprel 2022-ci ildə sözügedən pizzaları istehlak etdikləri üçün 48-i uşaq olmaqla 56 nəfərə "E.coli" bakteriyasının keçdiyini və bunun nəticəsində 2 uşağın həyatını itirdiyini təsdiqlədi. 


Fabrikin keçmiş işçisinin 2022-ci ilin mart ayında media ilə paylaşdığı fotolarda pizza istehsal xəttində qurdlar, divarlarda göbələklər, yerdə yemək parçaları, zibil olduğu görülüb.

 

Nord bölgəsinin Qubernatorluğu 1 aprel 2022-ci ildə fabrikdə aparılan 2 yoxlama zamanı gigiyena şəraitinin qeyri-kafi olduğunu və buna görə də fabrikdə pizza istehsalının qadağan edildiyini açıqlamışdı. 

Lalə
Sfera.az


OXŞAR XƏBƏRLƏR