Hollivud ulduzları dəbdəbəli evlərini satışa çıxardılar – “Malikanə vergisi”ndən qaçış başladı

Los-Anceles şəhərində aprelin 1-dən “malikanə vergisi” qüvvəyə minəcək.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, bəzi Hollivud ulduzlarının həmin tarixdən əvvəl lüks evlərini satmağa tələsdikləri bildirilir.
Qanuna görə, dəyəri 5 milyon dollardan çox olan əmlak satışlarından 4 faiz transfer vergisi tələb ediləcək. Həmçinin dəyəri 10 milyon dollardan çox olan satış zamanı 5,5 faiz vergi tutulacaq və toplanan bütün pullar sosial evlərə sərf olunacaq.
Şəhər artan evsizlik böhranı ilə mübarizə aparmaq üçün bu satışlardan 1 milyard dollara qədər gəlir əldə etməyi hədəfləyir.
Xatırladaq ki, 2022-ci ilin noyabrında mənzil haqqı müdafiəçiləri və həmkarlar ittifaqları verginin səsə qoyulması üçün kampaniya aparıblar və 57 faiz səs ilə verginin qüvvəyə minməsi qəbul edilib. Lakin bunun ən varlı ev sahibləri arasında satış çılğınlığına səbəb olacağı barədə xəbərdarlıq edən daşınmaz əmlak agentlikləri qanunun qəbuluna kəskin reaksiya veriblər.
Məlumata görə, Cim Kerri, Britni Spirs və Kayli Cenner kimi məşhurlar son aylarda mülklərini satışa çıxarıblar.
Cim Kerrinin 1 179 kvadrat metrlik evi fevral ayında 29 milyon dollara satışa çıxarılıb. Spirs 1082 kvadrat metrlik evini aldıqdan cəmi 6 ay sonra 12 milyon dollara satışa çıxarıb. Cenner isə partnyoru Travis Skott ilə birlikdə sahib olduqları Beverli Hillsdəki evini 33 milyon dollardan baha qiymətə satışa qoyub. Cütlük 7 otaqlı, 10 hamamlı həmin mülkü 2018-ci ildə 20,4 milyon dollara alıb.
Lalə
Sfera.az