"Gecələr zəng vurub deyirdi ki..."- Murad Dadaşov Oqtaydan danışdı
Xəzər televiziyasının rəhbəri Murad Dadaşov yol qəzasında dünyasını dəyişən əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin evində baş tutan vida mərasiminə qatılıb.
Sfera.az teleqraf.com-a istinadla xəbər verir ki, Murad Dadaşov Oqtay Əliyev haqqında bu sözləri deyib:
"Çox ağır bir itkidir. Bizi sarsıdan bir xəbərdir. Oqtay Əliyevin ölümünə çox üzüldük. İllərin dostu, çox hörmət bəslədiyim və qəlbən istədiyim bir insan qəflətən, bir saniyə içində yoxdur. Ölüm haqdır, amma bu dəqiqə çox ağırdır. Ailəsinə, doğmalarına səbr diləyirəm. Onlar ailəlikcə hamımızın doğmaları idi. Elə bir iş, layihə yoxdur ki, Oqtay müəllim dəstək olmasın. Onda zərrə qədər paxıllıq yox idi. Hamının uğuruna sevinirdi.
Mənim üçün çox ağır itkidir. Ard-arda çox yaxın insanları itiririk. Ölüm çox ucuzlaşıb. Sözün bitdiyi andır. Onunla çox yaxın dost olmuşam və mənə əziz insan olub. "Yeni ulduz" layihəsində olarkən heç kimin tanımadığı Oqtayı tanıdım. Çox fövqəladə vətənpərvər, Azərbaycanı sevən insan idi. Dostum, qardaşım İrəvanda göz açıb. Bizim Qərbi Azərbaycan məsələsi Oqtayın ürəyində xüsusi yer tuturdu.
Oqtayın ictimai həyatda da çox önəmli yeri var idi. Erməni dilini mükəmməl bilirdi. Bütün mətbuatı izləyirdi. Gecələr zəng vurub deyirdi ki, onlar belə bir layihə edirlər, çox diqqətlə izləyirdi. Bu sahədə xüsusi naliyyətləri var idi, məlumat toplayırdı.
O eyni zamanda çox maraqlı bir insan idi. İncəsənət aləmində kiminsə istedadını etiraf etmək, xoş söz demək məsələsini vaxtı ilə mərhum Anar Məmmədxanovdan çox görmüşəm. Hər zaman kiminsə uğuruna görə zəng edib, təbrik edərdi, xoş sözlər deyərdi. Onun bu vərdişini mən də götürmüşəm. Oqtayın bütün addımlarında və hərəkətlərində dərin bir səmimiyyət vardı. Mən yaxın bir insanımı itirdim. Dünəndən bəri birlikdə keçirdiyimiz qastrol səfərləri, "Yeni ulduz" layihəsi hamısı gözümün qabağından gəldi keçdi. "Soy production" yaranan gündən, "KVN" illərindən onu tanıyıram. Biz bir-birimizi yarı nəfəsdən, bir baxışdan başa düşürdük ki, kim nə demək istəyir. Çox heyif. Deyirlər ki, əvəzolunmaz insan yoxdur. Amma o, təkrarolunmaz idi. Belə bir əziz və çox doğma bir insanı itirdik. Çox təəssüf..."