Azərbaycanda bu sahədə maaş 3 min manatdır

Azərbaycanda bu sahədə maaş 3 min manatdır

Azərbaycanda orta əməkhaqqı 856 manat olsa da, elə sahələr var ki, orada orta maaş səviyyəsi 1000 manatı ötür.

 

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, ümumilikdə 7 sahədə orta əməkhaqqı 1000 manatdan yüksəkdir.

 

Maaş səviyyəsi 1000 manatı ötən sahələrin sayı dövlət sektorunda 8, qeyri-dövlət sektorunda isə 9-dur.

 

Bəs hansı sahələrdə daha yüksək maaş verilir?

 

Ölkəmizdə ən yüksək maaş mədənçıxarma sənayesi sahəsindədir. Burada orta maaş 3 min manatdır. Dövlət bölməsində maaş 2 170 manat, qeyri-dövlətdə 3 461 manat təşkil edir.

 

Maliyyə və sığorta ən yüksək maaş verilən ikinci sahədir. Adıçəkilən sahədə ölkə üzrə orta əməkhaqqı 2 040 manatdır. Burada orta maaş səviyyəsi dövlət və qeyri-dövlət bölmələrində eynidir. İnformasiya və rabitə sahəsində orta maaş 1 440 manatı keçir.

 

Dövlətdə orta maaş səviyyəsi 1 143 manatı, qeyri-dövlətdə 1 677 manatı ötür.

 

Peşə, elmi və texniki fəaliyyət sahəsi sıralamada dördüncüdür. Bu sahədə orta əməkhaqqı 1 366 manata çatır. Adıçəkilən sahədə əməkhaqqının yüksək olması qeyri-dövlət bölməsində maaşların çox yüksək olması ilə əlaqəlidir.

 

Belə ki, dövlət bölməsində orta əməkhaqqı 857 manat təşkil etdiyi halda, qeyri-dövlətdə 1 915 manatı ötür. Dövlət idarəetməsi və müdafiə; sosial təminatda isə maaşın yüksək olması dövlət bölməsi ilə bağlıdır. Burada orta əməkhaqqı 1 090 manatdır. Dövlətdə orta əməkhaqqı 1 125 manatı ötdüyü halda, qeyri-dövlətdə 392 manat təşkil edir.

 

Adıçəkilən sahələrdən başqa orta maaş səviyyəsi 1000 manatı ötən sahələr arasında tikinti (1 020 manat), nəqliyyat və anbar təsərrüfatı (1 198 manat) sahələri də var.

 

Dövlət bölməsində əlavə olaraq emal sənayesində (1 040 manat) maaş 1000 manatı ötür.

 

Qeyri-dövlət bölməsində isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı (1 022 manat), su təchizatı, tullantıların təmizlənməsi və emalı (1 147 manat), istirahət, əyləncə və incəsənət sahəsində (1 238 manat) orta maaş 1000 manatı keçir.

 

Qeyd edilən maaş səviyyələri ştat cədvəli üzrə müəyyən edilən əməkhaqları əsasında müəyyənləşib. Maaşlardan tutulan icbari ödənişlər, yəni vergi, məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta və işsizlikdən sığorta haqqı nəzərə alındığında əməkhaqqı səviyyəsi aşağı düşür.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR