Makron canlı yayıma çıxacaq: “Özündən başqa heç kim bilmir”

Fransa küçələrindəki etirazlara baxmayaraq, mübahisəli pensiya qanunu ilə bağlı geri addım atmayan prezident Emmanuel Makron bu gün canlı yayıma çıxacaq.
Sfera.az bildirir ki, “TF1” kanalından Mari-Sofi Lakarrau və “France 2”də Julian Bugierin suallarını cavablandıracaq prezidentin açıqlamaları eyni vaxtda yayımlanacaq.
Fransa liderinin yaxın çevrələrindən biri isə “Le Monde” qəzetinə açıqlamasında Makronun çıxışı zamanı nələr deyəcəyini heç kimə bildirmədiyini söyləyib. “Nə deyəcəyini özündən başqa heç kim bilmir”, deyə mənbə əlavə edib.
Xalqın son hadisələrdən sonra böyük məyusluq keçirdiyini bildirən Fransa qəzeti Makronun bugünkü açıqlamalarının vəziyyəti gərginləşdirəcəyini iddia edib.
Qeyd edək ki, sözügedən qanun layihəsinə görə, Fransada pensiya yaşı sentyabrın 1-dən etibarən hər il mərhələli şəkildə 3 ay artırılacaq. Pensiya yaşı 2027-ci ildə 63 yaş 3 aya, 2030-cu ildə isə 64 yaşa çatacaq. 2027-ci ildən tam pensiya almaq üçün 43 il işləmək lazımdır. Qanunun qüvvəyə minməsi üçün o, rəsmi qəzetdə dərc edilməlidir.
Günay Rəsulqızı