İdxal ixraca nisbətən daha sürətlə artır: Azərbaycan nə etməlidir?

İdxal ixraca nisbətən daha sürətlə artır: Azərbaycan nə etməlidir?

Azərbaycan qarşıdakı 15-20 il ərzində ixracını qeyri neft-qaz məhsullarının hesabına xeyli artırmağı bacarmalıdır. Əks təqdirdə ölkəmizin xarici ticarət dövriyyəsində müsbət saldo idxalın artımı hesabına kiçiləcək.


Sfera.az xəbər verir ki, son illərdə idxalda davamlı artım olsa da ixracda artımı davamlı təmin etmək mümkün olmayıb. Buna görə də Azərbaycanın xarici ticarətində müsbət fərqin kiçilmə meyilləri müşahidə edilir.


Bunu idxal və ixracın illər üzrə dəyişməsindən də görmək olar.


2008-ci ildə Azərbaycanın ixracı maksimum həddə çatıb. Həmin ildə ixracımız 47,75 milyard dollar olmuşdu. Sonrakı illərdə ixrac bir daha 40 milyard dolları ötmədi. Amma əvəzində bəzi illərdə ixracın daha çox azalması müşahidə olundu. Hətta ixrac 2015-ci ildə 12,73 milyard dollara qədər gerilədi. 2021 və 2022-ci illərdə ixracda yenidən artım qeydə alınıb. İxrac 2021-ci ildə 23,85 milyard dollara, 2022-ci ildə 38,146 milyard dollara yüksəlib.


Ötən il ixracımızda böyük artımın olması neft və qazın bahalaşması ilə bağlıdır. Əgər bu il enerji daşıyıcılarının qiyməti bir qədər enərsə, ixracda yenidən azalma baş verəcək.


İdxal isə davamlı artır. 2008-ci ildə idxalımız 7,2 milyard dollar olduğu halda, 2014-cü ildə 9,2 milyard dollar, 2018-ci ildə 11,5 milyard dollar, 2022-ci ildə 14,5 milyard dollar olub.


2008-ci illə müqayisədə ixracımız azalsa da idxalımız 2 dəfədən də çox artıb.


İdxalın artması qarşıdakı illərdə də davam edəcək. Çünki əhalinin gəliri və sayının artması daxili istehlakı artırır. Eyni zamanda daxildə istehsal müəssisələrinin işinin genişlənməsi də müşahidə olunur ki, bu da idxal mallarına tələbi gücləndirir.


İdxalın artım ehtimalını nəzərə alaraq Azərbaycan yaxın gələcəkdə ixracını da artırmalıdır. Bunun üçün ixracın artırılması üçün indidən ciddi tədbirlər görülməlidir.
İxracı neft-qaz hesabına artırmaq real görünmür. Çünki Azərbaycanda neft hasilatı azalır, qaz hasilatındakı artım isə müyyən səviyyəyə çatdıqdan sonra dayanacaq. Bununla bərabər dünya, sürətlə ənənəvi enerji növlərindən alternativ enerji növlərinə keçid edir. Bu isə o deməkdir ki, gələcəkdə neft və qazın qiymətinin kəskin artması ehtimalı azdır. Buna görə də ixracı artırmaq üçün yeganə yol qeyri neft-qaz mallarının ixracının nəzərəçarpacaq dərəcədə artırılmasıdır. Yalnız bu məhsulların satışını artmaqla xarici ticarətdə müsbət balansı qorumaq mümkün olacaq.


Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR